Ermənistan baş nazirinin həyat yoldaşının Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil etdiyi səfərdə iştirak edən rus qadınlarının şəxsiyyətini müəyyənləşdirmək, kimliyindən asılı olmayaraq hamısını “persona-non qrata” elan etmək lazımdır. Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova konkisürmə üzrə olimpiya çempionudur, o qədər dairəvi qaçıb ki, başı gicəllənib Qarabağa gedib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Araz Əlizadə deyib.
Onun sözlərinə görə, Rusiya Dumasında təmsil olunan Konstantin Zatulin və Svetlana Jurova kimilər Azərbaycan-Rusiya əlaqələrinin hərtərəfli inkişafından narahatlıq keçirirlər: “Görürsünüz, dünyada nə qədər idiot həmkarlarım var. Hərə öz siyasi konyukturasına görə hərəkət edir. Bu şəxslər Dövlət Dumasının üzvləridirsə, bu, o demək deyil ki, ağıllıdırlar”.
Araz Əlizadə vurğulayıb ki, sülhməramlılıq fəaliyyəti adı altında belə təbliğat aparılması düzgün deyil: “Sülhməramlı olmaq onların fikrincə pul qazanmaq yoludur. Hansı sülhməramlılıqdan danışmaq olar ki, ortada on minlərlə insanın qanı axıdılıb, Xocalı soyqırımı törədilib?..
Qrant almadan öz hesablarına gedib sülməramlılıqla məşğul olsunlar, görək razıdırlar? Xarici fondlardan pul almadan halal qazandıqları pulla gedib görüşlər keçirsinlər. Belə şey yoxdur axı. Hamam suyu ilə özlərinə dost tutmaq istəyirlər.
“Sosintern”in Cenevrədəki toplantısında çıxışım zamanı demişdim ki, bəsdir, cani ilə cinayətin qurbanı olanı bir arada sülhə çağırdınız. Torpaqlarımızda oturublar, mənə deyirsiniz, onlarla barışın, bu, qəribə məntiqdir. Söylədim ki, əvvəl caninin cəzasını verin, sonra bəlkə barış oldu”.