Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri (beynəlxalq dini azadlıqlar) Səm Braunbəklə görüşüb.
Bu barədə Teleqraf.com-a Baş Konsulluqdan məlumat verilib.
Görüşdə baş konsul N.Ağayev Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verərək, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini vurğulayıb.
N.Ağayev bu gün Azərbaycanda multikulturalizm və dinlərarası harmoniyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Sonra tərəflər bu və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Səm Braunbək 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.