Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov bir sıra görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım TürkPA-nın hədəflərindən danışıb.
Türkiyə parlamentinin sədri qeyd edib ki, əsas məqsədlərdən biri babalarımızdan miras qalan qardaşlıq dəyərlərini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
TürkPA-nın baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək.
TBMM sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib. Binəli Yıldırım təşkilat üzvlərinin yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istədiklərini söyləyib.
TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib. Azərbaycan parlamentinin sədri qeyd edib ki, bu il TürkPA-nın yaranmasının 10-cu ildönümü tamam olur. Ötən dövrdə TürkPA bir sıra beynəlxalq təşkilatların məşvərətçi üzvü olub və beynəlxalq aləmdə mövqelərini gücləndirib.
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb.
Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.