10 Oktyabr 2018 19:13
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyata keçirdiyi innovativ islahatlarla daxili inkişafı yüksək səviyyədə təmin edən, beynəlxalq aləmdə nüfuzunu daha da artıran Azərbaycan bu gün dünya miqyasında uğurlu model kimi təqdim edilir. Qarşıya qoyulan vəzifələr uğurla və vaxtında icra edilir. Təbii ki, ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik dinamik inkişafı təmin edən mühüm amillər sırasındadır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, gələcəyə hesablanan uğurlu inkişaf strategiyası gənc müstəqil ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına yüksəlməsində həlledici faktor kimi çıxış edir.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizin beynəlxalq imicinin yüksəlməsində birmənalı olaraq Azərbaycan Prezidentinin xidmətləri misilsizdir: “Möhtərəm Prezidentimizin uğurlu xarici siyasi kursu nəticəsində böyük dövlətlərlə ikitərəfli razılaşmalar əldə edilir. Oktyabırın 9-da dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı möhtərəm Prezidentimiz vurğulayıb ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır” deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.”

Baş redaktor əlavə edib ki, bu il iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib:

“Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin son iclasında bu məsələlərə də xüsusi olaraq diqqət yetirib. Qeyd edib ki, ötən doqquz ayda ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Valyuta ehtiyatları isə 45 milyard dollara çatıb. Sadalanan rəqəmlər əldə olunan uğurların statistik dildə ifadəsidir. Hesab edirəm ki, ilin sonuna kimi bu göstəricilər daha da artacaq və Azərbaycan 2018-ci il mühüm nailiyyətlərlə başa vuracaq.”

Vüqar Rəhimzadə vurğulayıb ki, bu il ölkəmizin neft-qaz sektorunda mühüm hadisələrlə yadda qalıb: “Bu ilin may ayında Bakıda bütün dünyanın maraqla izlədiyi, qitələri birləşdirən, Avropanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimi keçirildi. İyun ayında isə Türkiyədə “Cənub Qaz Dəhlizi”nin mühüm seqmenti olan TANAP qaz boru kəmərinin açılışı baş tutdu. Layihənin son mərhələsi olan TAP-la bağlı işlər isə qrafikə uyğun olaraq davam edir. İclasda çıxışı zamanı “Cənub Qaz Dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq” deyən möhtərəm Prezidentimiz “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini xüsusi vurğulayıb. Şübhəsiz ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdırılan, XXI əsrin müqaviləsi adlandırılan “Cənub Qaz Dəhlizi” ölkəmizin iqtisadi imkanlarını daha da artıracaq.”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər