11 Oktyabr 2018 23:58
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankofoniya təşkilatının açılışında etdiyi çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirdi. Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Ermənistan Baş nazirinin çıxışını şərh edərkən bildiriblər.

Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə Azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir.

Azərbaycanın ərazilərinin işğalına son qoyacaq və zor gücü ilə öz evlərindən qovulmuş Azərbaycanlıların işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdəki evlərinə və mülklərinə təhlükəsiz və ləyaqətlə geri dönməsini təmin edəcək real addımlar atılmayanadək Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinin irəli aparılmasına dair bütün bəyanatları yanız söz olaraq qalacaq.

Ermənistan öz öhdəliklərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun davranmalı, münaqişənin tezliklə sülh yolu ilə həlli və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunların qısa zamanda çıxarılması üçün nəticəyə yönəlik danışıqlarda konstruktiv şəkildə iştirak etməlidir. Yalnız bundan sonra bölgədə davamlı sülh təmin oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər