Ermənistan Beynəlxalq Frankofoniya Təşkilatına nə qədər qəribə olsa da 2008-ci ildə üzv qəbul edilib. Həmin il martın 1-də ölkədə baş tutan prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq paytaxt İrəvanda dinc aksiyalar keçirilmişdi. Ordu və polis mitinqi güc vasitəsilə dağıtmış və nəticədə 10 aksiya iştirakçısı öldürülmüş, onlarla insan yaralanmışdı.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, belə bir hadisədən sonra Ermənistanın təşkilata üzv qəbul edilməsi Frankofoniya devizinə tam ziddir:
“Onda belə çıxır ki, bu qurumun rəhbərliyi İrəvanda dinc etiraz aksiya iştirakçılarının qanını tökənlərlə həmrəydir?! Bundan başqa humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qurulmuş bir təşkilat 20-ci əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövləti bu quruma necə qəbul edib? Yoxsa Fankofoniya həmin cinayəti törədənlərlə həmrəy olub?!
Ona görə belə demək olar ki, beynəlxalq əməkdaşlıq təşkilatı Ermənistanda sammit keçirməklə nəinki özünə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib.
Bütün dünyaya məlumdur ki, Ermənistan işğalçı ölkədir. Xocalı soyqırımı kimi dəhşətli qətliamı törədən bir ölkədə humanist dəyərlərdən danışılması absurddur. İkincisi, Ermənistanda nə qədər fransızdilli var ki, frankfoniya sammiti burada keçirilir? Məlumdur ki, Fransada erməni lobbisi güclü təsirə malikdir. Çox güman ki, ordakı diaspora təşkilatlarının səyi nəticəsində tədbirin İrəvanda keçirilməsini təmin ediblər.
Amma anlamalı idilər ki, Ermənistan beynəlxalq tədbirlər keçirmək iqtidarında deyil. İlk növbədə Ermənistanın iqtisadi cəhətdən vəziyyətinin ağır olduğunu demək gərəkdir. Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Rəsmi statistikaya görə, ölkədə yoxsulluq 30 faizə, reallıqda isə 50 faizə çatır.
Ağır sosial vəziyyət ucbatından Ermənistan əhalisi kütləvi şəkildə köç edir. İşsizlik və sair hallar ölkənin vəziyyətinin ağırlığından xəbər verir. Bu ölkəyə sərmayə qoymağa heç bir dövlət və iş adamı risk etmir. Yürütdüyü işğalçılıq siyasəti səbəbindən xarici bazarlara çıxışı məhduddur.
İqtisadiyyatı olmayan bu ölkə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir şəraitdə bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmırdı. Beləliklə, təşkilatçılığın zəif olacağı əvvəlcədən bilinirdi. Bu zəif təşkilatçılıq isə nəticədə sammitin uğursuz keçməsinə səbəb olub”.
Sammitdə Beynəlxalq Frankofoniya Təşkilatında nüfuz uğrunda yaşanan Kanada-Fransa qarşıdurmasına da toxunan E.Aşırlı bu qarşıdurmanın səbəbkarı kimi Ermənistanın göstəriləcəyini düşünür:
“Xüsusilə, qeyd etmək yerinə düşər təşkilat baş katib tərəfindən “ölü təşkilat” adlandırılıb. Sammitin uğursuzluğunun səbəbi olaraq xüsusilə Ermənistan göstəriləcək. Çünki İrəvanın təşkilatçılığa ev sahibliyi biabırçı şəkildə həyata keçirildi. Ermənistanın təşkilata ev sahibliyi etdiyi bir vaxtda Paşinyana qarşı ölmüş əsgərin ailəsi tərəfindən aksiyalar keçirilməyə başlandı. Bir sözlə, Ermənistan uğursuz beynəlxalq tədbir keçirməklə, istəklərinə nail ola bilmədi. Ermənistan və Paşinyan hökuməti növbəti dəfə dünayaya biabır oldular. Təbii ki, biabır olmaq işğalçı ölkə üçün birinci dəfə deyil, onsuz da onlar buna öyrəncəlidirlər. Sabahsı gündə utanmadan öz KİV-də və Paşinyan çıxışlarında ağız dolusu necə böyük bir təşkilatın sammitinə ev sahibliyi etdiklərindən bəhs edəcək.
Bəli, necə də “böyük”dür… Baş katib onun ölü bir təşkilat adlandırdı. Təşkilatın böyüklüyü, ev sahibinin onu necə təşkil etdiyi elə baş katibin açıqlamasından aydın olur. Növbəti dəfə Paşinyan növbədənkənar seçkilər öncəsi bu cür ucuzvari yollarla xalqı aldatmaqla məşğuldur”.
Qeyd edək ki, oktyabrın 11-12-də İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti keçirilib. Sammit “Birlikdə yaşamaq” devizi altında baş tutub. Sammitdə iştirak etmək üçün Ermənistan paytaxtına 80-dən çox ölkədən nümayəndə heyətləri gəlib ki, bunlardan 38-i prezident və baş nazir səviyyəsində təmsil olunub. Sammitdə Fransa prezidenti Emmanuel Makronun və Kanadanın baş naziri Castin Trüdo iştirak ediblər.