13 Oktyabr 2018 14:28
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın işğal edilmiş Azərbaycan ərazilərindəki separatçı rejimin tərəf kimi danışıqlara cəlb edilməsi ilə bağlı səyləri Düşənbədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmək cəhdidir.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, erməni baş nazirin Fransa televiziyasına verdiyi müsahibədə Qarabağda yaşayan erməniləri “Qarabağ xalqı” adlandırması daxili auditoriyaya hesablanıb və bu, hüquqi sənədlərdə yer almayıb:

“Qarabağda yaşayanlar erməni icmasıdır və azərbaycanlı icması ilə eyni hüquqa malikdir. Paşinyan nə qədər qeyri-konustruktiv açıqlamalar versə də, danışıqları davam etdirməyə məcburdur. Çünki müharibə variantının Ermənistanın məğlubiyyəti olacağını bilir.

Lakin Paşinyanın tezliklə real danışıqlara gedəcəyini düşünmürəm. Çünki “Qarabağ klanı”, yaxud Köçəryan-Sərkisyan tandem hələ də güclüdür və Paşinyan seçkilərdə qalib gələcəyi halda, silahlı çevrilişə cəhd edə bilərlər. Rusiyadan bu cəhdə dəstəyin olacağı da şübhəsizdir. Buna görə də, indiki məqamda Paşinyan Qarabağ danışıqlarında kompromis mövqeyi tuta bilmir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu Rusiyanın Ermənistandakı mövqelərinin tamamilə zəifləməsindən keçir:

“Paşinyan dekabrda keçiriləcək parlament seçkilərində qələbə qazanacaq. Bundan sonra o, tədricən “Qarabağ klanı”nı neytrallaşdırmağa başlayacaq. Bu, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi deməkdir. Bu məsələni həll etmədən Qarabağ danışıqlarında obyektiv mövqedə dayanması, Paşinyanı vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdıra bilər.

Buna görə də hesab edirəm ki, Paşinyanın “Qarabağ klanı”nı zərərləşdirməsi 3 il vaxt ala bilər. Bu müddət ərzində rəsmi İrəvan status-kvonu saxlamağa cəhd edəcək. Buna görə də, Azərbaycan bu vaxt itkisinin qarşısını almaq üçün işğalçı üzərində təzyiqləri gücləndirməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu