13 Oktyabr 2018 18:54
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab İlham Əliyevin hakimiyyətdə olduğu 15 il Azərbaycanın tərəqqi və inkişaf illəri olub. Bu illər ərzində Azərbaycan böyük bir inkişaf yolu keçib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, biz 15 ildə Azərbaycanın bəzi ölkələrin yüz illərdə gedə bilmədiyi inkişaf yoluna şahidik:

“Azərbaycan son 15 ildə kökündən dəyişilib. Yeni bir Azərbaycan meydana gəlib. Bugünkü Azərbaycan dünyada tanınan, qüdrətli bir ölkəyə çevrilib. Azərbaycanın 2011-ci ildə BMT-də təmsil olunan 192 ölkənin 155-i dəstəyi ilə Təhlükəsizlik Şurasının üzvü seçilməsi böyük göstərici idi”.

Deputat qeyd edib ki, daxili inkişafımız isə hər bir istiqamətdə özünü göstərib:

“Həm neft sektorunun yenidən qurulmasında, həm iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində görülən işləri sadalamaqla bitməz. İlk növbədə sosial sahədə görülən işlərə toxunmaq lazımdır. Çünki insanların birbaşa rahat yaşamasını təmin edən sosial sahədir.

Bu sahədə görülən böyük işlər diqqətçəkicidir. 3100-dən çox məktəbin tikintisini, 600-ə yaxın səhiyyə müəssisəsinin inşası və bərpasını, 15 min kilometrədək avtomobil yollarının inşasını, qazlaşdırmanın səviyyəsinin 95 faizə çatdırılmasını, içməli su və kanalizasiya xidmətləri sahəsində icra olunan böyük layihələri buna misal göstərmək olar.

Elə bir sfera olmayıb ki, cənab prezidentin diqqətindən kənarda qalsın. Bütün bunlar hamısı onu göstərir ki, ölkə başçısı hər zaman vətəndaşları düşünür, onların rahatlığının və təhlükəsizliyinin keşiyindədir”.

Qeyd edək ki, oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 15 ili tamam olur.

İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçicilərin 76 faizi İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də Prezident İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib. 2008, 2013 və 2018-ci illərdə İlham Əliyev yenidən prezident seçilib.


Müəllif: Səxavət Həmid