14 Oktyabr 2018 00:25
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin İrəvanda keçirilməsi faktiki olaraq həm İrəvana, həm də ölkənin baş naziri Nikol Paşinyana xilas balonu vermək kimi bir şeydir.

Bunu oktyabrın 11-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən sammitini şərh edən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, “Birlikdə yaşamaq” devizi altında və “Həmrəyliyə, humanitar dəyərlərə və rəngarəngliyə Frankofoniya regionunda sülhün və çiçəklənmənin əsası kimi hörmətlə yanaşmaq” prinsipi ilə keçirilən bu sammit işğalçı dövlət olan, Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkədə baş tutub:

“Görünür, İrəvanda Frankofoniya sammitini keçirib onu populyarlaşdırmağa çalışmaq təsadüfi deyil. Bu sammit müəyyən ermənipərəsət qüvvələrin, erməni diasporunun ciddi səyləri nəticəsində ərsəyə gəlib və İrəvanı beynəlxalq inteqrasiyaya can atan, beynəlxalq tədbirlərdə fəal iştirak edən bir dövlət kimi təqdim etməyə çalışırlar. Bunun adı biabırçılıqdır. Məgər Fransa Prezidenti Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı qeyri-konstruktiv mövqe tutduğunu görmür? XX əsrdə Xocalı qətliamını törədən bir ölkəyə etimad göstərilməsi, onun bu cür tədbirlərə ev sahibliyi etməsi böyük təəccüb və təəssüf doğurur”.

Qabil Hüseynli Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxındır işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən bir təşkilatın sammitinin keçirilməsinin başdan ayağa absurd olduğunu da vurğulayıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər