Ermənistan Prezidenti Armen Sərkisyanın gizlədilən Rusiya səfəri ətrafında müəmmalı vəziyyət yaranıb. Hesab etmək olar ki, Ermənistandakı gərgin siyasi atmosfer Kremli yeni addımlar atmağa sövq edir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Kremllə yanaşı, “Qarabağ klanı” da Baş nazir Nikol Paşinyanın keçirdiyi seçkilərə hazırlıqsız yaxalandı:
“Sabiq prezidentlər- Robert Köçəryan və Serj Sərkisyan hazırlıqlarını gələn il üçün edirdilər. Onlar ümid edirdilər ki, gələn ilə qədər nüfuzlarını bərpa edib, Rusiyanın da dəstəyi ilə seçkilərdən qalib çıxa biləcəklər. Buna görə də düşünürəm ki, Armen Sərkisyan Moskvaya bu məqdərlə çağırılıb. Bunu Paşinyana qarşı hazırlanmış yeni ssenarinin tərkib hissəsi hesab etmək olar. Əlbəttə, “Qarabağ klanı”nın neytrallaşdırılması Kremli narahat edir. Artıq hərəkətə keçən Rusiya hakimiyyəti əlaltdan öz planlarının icra edir”.
Məhəmməd Əsədullazadə bildirib ki, Armen Sərkisyan köhnə komandanın üzvüdür və Rusiyanın razılğı ilə hakimiyyətə gətirilib:
“Bu baxımdan, Rusiyanın Ermənistan hakimiyyətində danışa biləcəyi yeganə şəxs Armen Sərkisyandır. Buna görə də güman edirəm ki, Kreml Armen Sərkisyanı daha işlək vəziyyətə gətirmək üçün səlahiyyətlərinin artırılmasına çalışacaq.
Kreml sükutu pozmadan Armen Sərkisyan vasitəsilə “Qarabağ klanı”nın Ermənistan hakimiyyətindəki dayaqlarını möhkəmlədib, Nikol Paşinyanı sıxışdırıb kənara çıxarmağa cəhd edəcək. Paşinyanın da prezidentlə soyuq əlaqələrinin olduğunu nəzərə alsaq, o, Kremlin qurduğu oyunun qurbanına çevrilməmək üçün Armen Sərkisyanı vaxtından əvvəl postundan uzaqlaşdırmağa çalışa bilər”.