15 Oktyabr 2018 13:20
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri Birləşmiş Ştatların regiona olan marağından irəli gəlir. Xüsusilə, Moskvadakı görüşlər Rusiya-ABŞ münasibətlərindəki gərginliyin aradan qaldırılması istiqamətində mühüm addımların atılması ilə müşayiət oluna bilər.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı bildirib.

O qeyd edib ki, səfər zamanı Yaxın Şərq məsələsi, xüsusilə Suriya böhranı və bu ölkədə yerləşdirilən S-300 zenit-raket kompleksləri, ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar və İrana, Türkiyəyə qarşı sərgilədiyi sərt mövqe kimi məqamlar müzakirə oluna bilər:

“Təbii ki, səfər çərçivəsində tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması ehtimalı da mövcuddur. Boltonun Dağlıq Qarabağ münaqişəsinə dair apardığı fikir mübadiləsini Ermənistan və Azərbaycana rəsmi səfəri zamanı hökumət nümayəndələri ilə paylaşma ehtimalı yüksəkdir. Xüsusilə, qoşunların təmas xəttindəki son vəziyyət müzakirə oluna bilər. Onun İrəvana səfərini isə ölkədə baş verən daxili böhranla və ABŞ-ın dəstəyi ilə əlaqələndirə bilərik. Beləliklə, növbədənkənar parlament seçkiləri baş tutacağı təqdirdə ABŞ-ın dəstəyi Paşinyana olacaq”.

Politoloq əlavə edib ki, C.Boltonun Bakıya səfəri zamanı isə daha çox reallaşa biləcək yeni iqtisadi və enerji layihələrinin müzakirəsi aparılacaq:

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması ABŞ-ın hər zaman diqqət mərkəzindədir. Hazırda ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin ana xəttini Azərbaycan təşkil edir. Sözsüz ki, az öncə qeyd etdiyimiz kimi, əsas müzakirə predmetlərindən birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olması gözlənilir. Nəticə etibarilə Boltonun regiona səfəri ABŞ-ın regionun nəbzini ölçməsi və təftiş etməsi kimi qiymətləndirilməlidir”.


Müəllif: Səxavət Həmid