Camal Xaşuqçinin macəra dolu həyatı Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında hakimiyyəti ələ keçirməsindən sonra başladı. Gənc şahzadənin islahatlarına etiraz edən jurnalist sakitcə ölkədən Vaşinqtona mühacirət edir. Ancaq heç bir zaman Səudiyyə Ərəbistanı hökumətini açıq şəkildə tənqid etmir, “Vaşinqton Post” qəzetində siyasi icmalçı kimi çalışır.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
“Bu ölüm kimə lazım idi” sualına cavab tapmağa çalışan Z.Əmrəliyev qətlin Səudiyyə Ərəbistanındakı mütləq monarxiyanın maraqlarına cavab verdiyini vurğulayıb:
“Bu yolla onlardan narazı olan digər siyasi mühacirlərin də gözünü qorxutmaq məqsədi güdülə bilər. Ola bilsin, onlar göstərmək istəyirlər ki, biz Xaşuqçi kimi bir müxalifi bu qədər təhlükəsiz bir yerdə aradan götürə biliriksə, sizi məhv etmək bizim üçün heç nədir. İkincisi, bu qətl Səudiyyə sarayında mövcud iqtidardan narazı olan müxalif şahzadələrə sərf edə bilər. Onlar bu üsulla bütün dünyaya ölkədə mövcud olan sərt rejimi daha pis şəkildə nümayiş etdirmək, beləliklə, beynəlxalq ictimaiyyətin mövcud iqtidara tənqidi yanaşmasını təmin etmək istəyə bilərlər. Yəni, baxın, bunlar başqa dövlətin ərazisində bu cür cinayət törədirlərsə, görün, ölkə daxilində nələr edirlər. Üçüncüsü, Xaşuqçinin ölümü Türkiyə və Səudiyyə Ərəbistanını qarşı-qarşıya gətirmək istəyən üçüncü qüvvələr üçün sərfəlidir”.
Bundan sonra proseslər necə inkişaf edəcək və tərəflər hansı addımları atacaqlar? Bu sualı da cavablandıran ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti beynəlxalq ictimaiyyətə qətldə əlinin olmadığına dair inandırıcı açıqlama verməlidir:
“Ər-Riyad buna məcburdur. Əks halda beynəlxalq nüfuzu son dərəcə pisləşəcək. Türkiyə ilə əlaqələrin çox da korlanmamasına çalışmalıdır. Kral ailəsi hələ ki, təmkinliyini qoruyur, Yəqin ki, istintaqın tam yekunlaşmasını gözləyirlər. Türkiyə də çox ağıllı və düzgün hərəkət edərək, hələlik gözləmə mövqeyindədir və açıq ittihama keçmir. Zənnimcə, Ankara bir müddət gözləyəcək, sonra zəruri addımlar atacaq. Bundan əlavə, ABŞ Ər Riyadın ünvanına bir neçə qınayıcı açıqlama verə bilər. Hətta mümkündür ki, bir neçə yüngülvari sanksiya da tətbiq etsin. Ancaq nə olmasından asılı olmayaraq, Ağ Evin Səudiyyə Ərəbistanı kimi böyük ticari tərəfdaşını pis vəziyyətə salacaq addım atacağına qətiyyən inanmıram”.
Ekspertin fikrincə, C.Xaşuqçinin öldürülməsi bir daha sübut etdi ki, regionda vəziyyətin gərgin olması üçün heç də dövlətlərin müharibə etməsinə ehtiyac yoxdur:
“Lazım olanda bir jurnalisti qətlə yetirməklə də məsələni həll etmək olar. Məgər I Dünya Müharibəsinin başlanması üçün rəsmi səbəb bir şəxsin öldürülməsi deyildimi?”