Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməklə, inqilabın birinci mərhələsini sona çatdırdı. İnqilabın ikinci mərhələsində Paşinyan cəmiyyətə verdiyi vədləri həyata keçirməli və islahatlara başlamalıdır.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, əgər Paşinyan yenidən fəaliyyətini populist çıxışlar və keçmiş prezident Robert Köçəryana qarşı mübarizəyə həsr edəcəksə, bu zaman cəmiyyəti özünə qarşı çevirəcək:
“Bu da Köçəryana yenidən güclənməsinə imkana yaradacaq. Keçmiş prezidentin də əsas məqsədi Paşinyanın keçirdiyi islahatlara mane olmaqdır. Paşinyan demək olar ki, 6 ay müddətində fəaliyyətini yalnız “Qarabağ klanı”nı zərərləşdirməyə, keçmiş hakimiyyətin strukturlarını sıradan çıxarmağa həsr etdi. Bu müddət ərzində də, Serj Sərkisyanın parlamentdəki hegemoniyasına son qoya bildi”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Nikol Paşinyan nə daxili, nə də xarici siyasətdə mühüm addımlar ata bilmədi: “İqtisadi-sosial vəziyyət barədə verdiyi sözlər, söz olaraq qaldı. Bu müddət ərzində Paşinyan yalnız iki mühüm məslədə irəliəyişə nail oldu. Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsinə və Qarabağ münaqişəsi üzrə Azərbaycanla danışıqları davam etdirməyə…
Hər iki faktor Paşinyana imkan verəcək ki, inqilabın ikinci mərhələsində islahatlara getsin. Təbii ki, bu islahatlar Qarabağ münaqişəsinin həll prosesi nəzərə alınmaqla aparılacaqsa, müsbət irəliləyişə nail olacaq. Çünki Paşinyan bundan sonrakı mərhələdə substantiv danışıqlara getməsə, Azərbaycan hərbi gücə üstünlük verəcək ki, bu da Paşinyanın reytinqinə zərbə vuracaq”.