Türkmənistanın 2017-ci ildə işə düşən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri baş nazirin müavini Hacıbala Abutalıbov Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.
Türkmənistanı müstəqilliyinin 27-ci ildönümü münasibətilə təbrik edən Hacıbala Abutalıbov bildirib ki, iki ölkə xalqlarının ümumi kökləri və tarixi var: "Özüm Türkmənistanda Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşam. İki ölkə arasında əlaqələrə dəfələrlə Türkmənistana rəsmi səfər edən ümummilli lider Heydər Əliyev tərəfindən böyük əhəmiyyət verilib".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti də Türkmənistanla əlaqələrin möhkəmləndirilməsinə yönəlib və nəticədə iri layihələrin reallaşdırılması mümkün olub.