20 Oktyabr 2018 09:01
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ay Bosniya-Herseqovina dövlətinin ilk prezidenti Aliya İzzetbeqoviçin vəfatının 15 ili tamam olur.

Teleqraf.com illərlə həbsdə yatan, özündən sonra xalqı üçün bir dövlət qoyub gedən bu məşhur siyasətçinin dosyesini təqdim edir.

Həyatı boyunca ölkəsindəki müsəlmanların haqları üçün mübarizə aparan Aliya İzzetbeqoviç 1925-ci ildə Bosniya-Herseqovinanın şimalındakı Bosanski Saqmac şəhərində doğulub. Mustafa və Hiba cütlüyünün 5 övladından biri olan Aliya 3 yaşında ailəsi ilə birlikdə Sarayevo şəhərinə köçüb. İlk təhsilini burada alıb.

II Dünya müharibəsi başlayarkən Xorvatiyada faşist Ustaşa rejimi Bosniya-Herseqovinanı istila etdi. Üstəlik, müsəlmanlar rəsmən xorvat olaraq qəbul edildi. Yəhudi, serb, xorvatlar zülmə məruz qalarkən müsəlman bosniyalılar və rejimlə eyni fikirdə olmayan xorvatlar bundan xilas ola bilmədi.

Bu dövrdə millətçi serblərin qurduğu Çetnik hərəkatı bölgələrdə müsəlman bosniyalılara qarşı qətliamlar həyata keçirirdi. Çetnik hərəkatının əsas məqsədi serb olmayan xalqları bölgədən tamamilə yox etmək idi.

Bu dönəmdə Aliya İzetbeqoviçin əsas hədəfi ölkədəki müsəlman bosniyalıları dini və milli baxımdan təşkilatlandırmaq idi. Elə bu məqsədlə qurulan “Gənc müsəlmanlar” Təşkilatının yaradılmasında önəmli rol oynadı. 1939-cu ildə qurulan təşkilatın əsas hədəfi ölkədəki müsəlmanların bərabər hüquqlar əldə etməsinə nail olmaq idi.

Təşkilat eyni zamanda müsəlmanları zülmdən qorumağa, dağıdılan evləri və məscidləri bərpa etməyə çalışırdı.

II Dünya Müharibəsi dövründə qurulan Yuqoslaviya Federal Xalq Respublikası faşizmə qalib gəlsə də, dini və milli məsələlərdə bosniyalıların problemlərini həll etmədi, beləcə daha böyük faciələrin yaşanmasına yol açdı.

Aliya İzzetbeqoviçin də aralarında olduğu “Müsəlman gənclər” Təşkilatının bəzi üzvləri dini təbliğat aparmaları səbəbindən 1946-cı ildə həbs edildi. Aliya 3 il həbsxanada yatmalı oldu. Həbsdən çıxdıqdan sonra əvvəl universitetin kənd təsərrüfatı fakültəsinə daxil oldu, iki il sonra isə hüquq fakültəsinə keçərək oranı bitirdi. 1949-cu ildə Xalidə xanımla ailə quran gələcək liderin Leyla, Səbinə və Bəkir adlı övladları dünyaya gəldi.

Aliya bu dövrdə də müsəlman haqları uğrunda mübarizədən çəkilmədi. Marksist-Leçinçi dünyagörüşünə sahib Titonun liderliyi dövründə Yuqoslaviyada sakit həyat davam edirdi. Aliya isə mübarizəsindən vaz keçmirdi. O, Yuqoslaviyada “Preporod”, “Təqvim” və “Klasnik” adlı qəzetlərdə silsilə yazılarla çıxış edirdi. Kimliyini açıqlamayan Aliyə imza yerinə övladlarının adlarının baş hərflərindən ibarət “LSB” təxəllüsünü qoyurdu.

Beləcə ölkə LSB təxəllüslü qələm sahibinin müsəlman bosniyalıların hüquqlarını peşəkarcasına qoruduğuna şahidlik edirdi. İslam dünyasında baş verən prosesləri yaxından izləyən Aliya 1960-cı illərdə yazmağa başladığı “İslam deklarasiyası” adlı əsərini 1970-ci ildə nəşr etdirdi.

1980-cı ildə Yuqoslaviya lideri Titonun ölümü ilə ölkədə millətçilik yenidən alovlandı. Bu illərdə ölkənin cinayət qanunvericiliyinə “ifadə cinayəti” adlı maddə əlavə olundu. Aliya qələm aldığı “Qərb və Şərq arasında İslam” adlı kitabını nəşr etməzdən əvvəl 12 nəfərlə birlikdə həbs edildi. Bununla da Sarayevo prosesi deyilən məhkəmə davası başladı.

Gələcək lider və bəzi müsəlman ziyalılar “ifadə günahı” maddəsi ilə, eyni zamanda təşkilat quraraq düşməni fəaliyyət aparmaqda ittiham olundu. Aliya haqqında qərar çıxarılarkən onun “İslam deklarasiyası” adlı kitabındakı fikirlərinə istinad olundu və barəsində 14 il müddətinə həbs qərarı çıxarıldı.

Həbsdə olduğu illərdə “Azadlığa qaçışım - Zindandan qeydlər:1983-1988” adlı əsərini qələmə aldı. 1988-ci ildə verilən əfv qərarı ilə azadlığa çıxdı. Daha sonra, 1990-cı ildə ölkədə bosniyalıların ən böyük təşkilatı olan Demokratik Hərəkat Partiyasını qurultayında sədr seçildi. Bu siyasi qurum çoxpartiyalı seçki sistemində ən çox səs alan siyasi qüvvə oldu. Nəticədə Aliya keçmiş Yuqoslaviya Federal Xalq Cümhuriyyəti tərkibindəki Bosniya-Herseqovina Sosialist Respublikasının rəhbəri kürsüsünə yüksəldi.

Yuqoslaviya 1990-cı illərdə dağılma mərhələsinə daxil oldu. Yuqoslaviya Xalq Ordusu 1991-ci ildə Sloveniya ilə münaqişəni əsas götürərək bir müddət sonra Xorvatiya ilə qarşıdurmaya getdi. Qarşıdurma 1991-ci ilin oktyabr ayında Bosniya-Herseqovinanın Ravno və Popova kəndlərinə sirayət etdi. Elə bu dövrdə Bosniya-Herseqovinada müstəqillik məsələsi gündəmə gəldi. Parlamentdəki müzakirələr zaman serb siyasətçi Radovan Karadzic “müharibə olacağı təqdirdə müsəlmanlar yox olacaq” bəyanatını verdi. Aliya isə Karaziçə cavabında müsəlmanların heç vaxt yox olmayacağını vurğuladı.

1992-ci ilin 29 fevral-1 mart tarixlərində Bosniya-Herseqovinada müstəqillik haqqında referendum keçirildi. Serblərin boykot etdiyi referenduma qatılanların 99 faizi müstəqil Bosniya-Herseqovina üçün səs verdi. Referendumdan sonra serb millətçiləri və ordu Bosniya-Herseqovinanın şəhərlərinə hücuma başladı. Bu mərhələdə Aliya bütün vətəndaşları ölkəyə qarşı həyata keçirilən hücumlara qarşı durmağa dəvət etdi.

Serb qrupları və ordu mülki insanlara qarşı qətliam həyata keçirir, insanları evlərindən qovur, qadınlara təcavüz edir, beləcə tarixi bir irsi yox edirdi. Ölkədə qurulan düşərgələdə mülki insanlara hər cür işgəncələr verilirdi.

Bir sözlə, Aliya rəhbərliyində Bosniya-Herseqovinanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şimalda, şərqdə serblərlə mübarizə aparanlar qərb istiqamətində də Xorvatiya ilə mübarizə aparmalı olurdular. 3 il yarım müddət ərzində serb qüvvələri tərəfindən nəzarət altında saxlanılan Sarayevo, habelə Prijedor, Zvornik, Viseqrad, Srebrenitsa, Foça kimi şəhərlərdə dəhşətli qətliamlar baş verdi.

Aliya İzzetbeqoviç belə dəhşətli zülmlərə baxmayaraq heç vaxt daxilində kin və intiqam hissinə əsaslanan siyasət aparmadı. “Heç kim intiqam arxasınca getməməli, sadəcə ədaləti axtarmalıdır” fikri ilə Aliya İzetbeqoviçin nə dərəcədə peşəkar siyasətçi və uzaqgörən strateq olduğuna ortaya qoyurdu.

Bu mübarizədə müsəlman bosniyalılardan 200 minə yaxın insan öldü, bir milyondan çox insan evini tərk etdi. Müharibə 1995-ci ildə imzalanan Dayton sülh anlaşması ilə başa çatdı. Razılaşmanın nəticəsi olaraq Bosniya və Herseqovina iki inzibati vahid oldu – Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası.

“Bu, ədalətli sülh deyil, amma müharibənin davam etməsindən daha yaxşıdır” - Bosniya müsəlmanlarının lideri Aliya İzzetbeqoviç belə deyirdi.

Dayton anlaşmasından sonra müharibə dayandırıldı. Beləcə Bosniya-Herseqovina və Serbiya respublikası yarandı. Müharibənin ardından keçirilən seçkilərdə Aliya İzzetbeqoviç müstəqil Bosniya-Herseqovinanın ilk prezidenti seçildi. Daha sonra isə Dövlət Rəhbərliyi Şurasının ilk sədri oldu. 2000-ci ildə səhhətində yaranan problemlər səbəbindən Dövlət Rəhbərliyi Şurasındakı postundan istefa verdi və 2001-ci ildə keçiriləcək partiyanın qurultayında namizədliyini irəli sürməyəcəyini açıqladı.

Bosniya-Herseqovina xalqına beynəlxalq aləmdə tanınan, müstəqil və azad bir dövlət yaradan Aliya 2003-cü ilin 19 aprelində Sarayevoda vəfat etdi. Vəfatından əvvəl Türkiyə Prezidenti Ərdoğan onu ziyarət etmişdi.

Bosniya xalqının böyük oğlunun vida mərasiminə fərqli ölkələrdən 150 mindən çox qonaq qatıldı. Öz vəsiyyətinə uyğun olaraq Sarayevonın Kovaçi şəhidlər məzarlığında dəfn edildi.

Ən maraqlı məqam odur ki, Aliya İzzetbeqoviçin türk xalqının könlündə fərqli bir yerə sahibdir. Türkiyədə “Bilgə Kral” adlandırılan Aliya haqqında sənədli və bədi filmlər çəkilib. Hər il onunla bağlı toplantılar keçirilir, əsərləri türk dilinə tərcümə olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər