20 Oktyabr 2018 00:03
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz turnesi başlayacaq. Ağ Evin “baş qırğı”sı gizlətmir; o, Birləşmiş Ştatların milli maraqlarını təmin etmək üçün gəlir. Ancaq o, ilk növbədə Suriya və İrandakı vəziyyəti müzakirə etmək üçün Moskvaya səfər edəcək. Ayrıca bənd kimi Vladimir Putin və Donald Trampın növbəti görüşünə hazırlıq müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “RİA Novosti-Rossiya Seqondya” agentliyində yerləşdirilmiş məqalədə öz əksini tapıb.

Yazıda səfərin Rusiya ilə bağlı məqamları sadalandıqdan sonra “Kövrək balans” başlıqlı bölməsində deyilir:
“Daha sonra amerikalı “qırğı” Azərbaycana yola düşəcək. Çərşənbə günü, oktyabrın 24-da orada onu gözləyirlər. O, Azərbaycan hakimiyyəti ilə danışıqlarda regional təhlükəsizlik məsələləri ilə yanaşı ABŞ-ın müttəfiqlərinə enerji resurslarının nəqlini müzakirə edəcək. ABŞ-ın müttəfiqləri dedikdə əsasən söhbət Avropadan gedir, orada Azərbaycan qazına Rusiya qazına alternativ kimi baxırlar. Vaşinqton “Şahdəniz” qazının nəqli üçün Cənub Qaz Dəhlizi layihəsinin inşasını dəstəkləyir. Özü də amerikalılar Qafqazın enerji resurslarını öz maye qazlarına rəqib hesab etmir, ancaq Rusiyanın “Şimal axını-2” qaz kəmərini rəqib hesab edirlər”.

Azərbaycanın enerji layihələrinin dəstəklənməsini qafqazşünas Nurlan Qasımov həm də bununla izah edir ki, onların əsas investorları qərb şirkətləridir. “British Petroleum” “Şahdəniz” qaz yatağının səhmlərinin əsas alıcısı və investorudur. Bakıda “Shell” neft-qaz şirkəti də fəaliyyət göstərir”, – deyən ekspert amerikalıların bu layihələrin təhlükəsizliyində və öz sərmayələrinin qorunub saxlanmasında çox maraqlı olduqlarını vurğulayıb.
Yazıda bildirilir ki, Ermənistanda daxili vəziyyətin dəyişilməsi fonunda Vaşinqton Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyətin gərginləşməsindən narahatdır və Bolton İrəvanda bunu müzakirə edəcək.
“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qarabağ münaqişəsinin nizamlanması prosesi durğunluq dövrünə qədəm qoyub. İndi isə Ermənistanda radikal əhval-ruhiyyə güclənib. Ölkədə seçkiqabağı dövrdür. Amerikalılar istisna etmirlər ki, bu, münaqişənin gərginləşməsinə gətirib çıxara bilər. Amma Qafqazda müharibə heç kimə lazım deyil. İlk olaraq boru kəmərləri zərbə altında qalacaq”, – N.Qasımov belə düşünür.
Bildirilir ki, kövrək balansı saxlamaq üçün Vaşinqton əvvəlki kimi Moskvadan dəstək axtarır və Rusiyaya əvvəlki kimi regionda əsas arbitr və sülhyaradıcı kimi baxırlar. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədridir. Bakı və İrəvan Moskvaya bu cür baxır və regionda sabitliyin təmin edilməsində onun rolunu qəbul edirlər. Bunu Qərbdə də başa düşürlər. Buna görə də Bolton əvvəlcə məsləhətləşmə üçün Rusiya paytaxtına yollanır”, – deyə yazıda vurğulanır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər