Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, cari il ərzində dövlətimizin başçısının səfərləri və keçirdiyi mühüm görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prioritetlərdən biri olub: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirsə də, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Ermənistan təxribatçı hərəkətlərinə son qoymalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır", - deyə Elman Məmmədov qeyd edib.