Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda yeni şəraitin yarandığı qənaətindəyəm. Bu mülahizəni bir neçə aspektdən izah etmək mümkündür.
Bunu Teleqraf.com-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, ilk növbədə Ermənistanda hakimiyyətin dəyişməsi, uzun illər Ermənistanı öz maraqlarının girovuna çevirən “Qarabağ klanı”nın iqtidardan getməsi münaqişənin həllinə yanaşmada fərqli mövqenin olacağını deməyə əsas verir:
“Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın problemlə bağlı bəzən aqressiv, bəzən ziddiyyətli, bəzən də anlaşılmaz görünən bəyanatları sadəcə zahiri görüntü təəssüratı yaradır. Düşünürəm ki, bununla Paşinyan sadəcə vaxt qazanmaq, vəziyyəti öyrənmək, daxili auditoriyanı sakitləşdirmək və onun üçün əsas məqsəd olan hakimiyyətini möhkəmlətmək niyyəti güdür.
Son hadisələr göstərir ki, Paşinyanın münaqişə və danışıqlarla bağlı ilk açıqlamaları ucuz populizmdən başqa bir şey deyil”.
Analitkin sözlərinə görə, hakimiyyətə gəlişinin ilk günlərində Azərbaycanla danışıqlardan ümumiyyətlə imtina etmək, qondarma rejimi masaya oturtmaq istəyən N.Paşinyan bu bəyanatlardan cəmi iki ay sonra Azərbaycan Prezidenti ilə Düşənbədə qısamüddətli də olsa görüşdü və ciddi qərarlar alındı:
“Paşinyan iki gün öncə Ermənistan KİV-lərinə açıqlamasında vurğulayıb ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla Azərbaycan arasında operativ əlaqə qurulub. “Razılaşdığımız kimi, Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra Azərbaycan tərəfinə çatır. Təbii ki, onlar informasiyanı verəcəklərsə, mən də verəcəm” – deyə Paşinyan vurğulayıb.
Bundan başqa, indiyədək iki ölkənin xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə iki görüş keçirilib”.
E.Aşırlı hesab edir ki, bütün bunlara Ermənistanda dekabrın 10-a təyin edilən seçkilərdən sonra daha dəqiq qiymət vermək mümkün olacaq:
”Lakin Paşinyanın siyasi kursu da belə bir fikri təsdiqləyir ki, seçkilərdən sonra problemin həlli istiqamətində dəyişiklik gözləniləndir. Ən azı ona görə ki, Paşinyan münaqişənin həllinə loyal münasibəti ilə tarixə düşən keçmiş prezident Levon Ter-Petrosyanın siyasi təsir dairəsində olan şəxslərdən hesab edilir. Digər tərəfdən, bu gün Paşinyanın ABŞ və digər Qərb mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gəldiyi heç kimə sirr deyil.
Məlumdur ki, Qərb xüsusən son illərdə açıq şəkildə Ermənistandan Azərbaycanla münasibətləri normallaşdırmağı tələb edir. Normallaşmanın başlanğıcı isə Ermənistanın öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan əraizlərindən çəkməsi ilə başlayır.
Yeri gəlmişkən, ABŞ-ın Ermənistanda səlahiyyətləri başa çatan səfiri Riçard Millsin son açıqlamaları da yuxarıdakı fikirləri təsdiq edir. Mills açıq şəkildə bildirib ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır, münaqişənin həlli bundan başlayır”.
Siyasi şərhçinin fikrincə, seçkilərdə Paşinyanın komandasının qalib gəlməsindən sonra da Ermənistanda vəziyyət gərgin olaraq qalacaq: “Çünki güc strukturlarında hələ də Köçəryan-Sərkisyan komandasının sadiq əlaltıları kifayət qədərdir və onlar qarışıqlıq yaratmaq üçün cəbhə bölgəsində təxribatlar törədib, münaqişənin eskalasiyasına şərait yarada bilərlər”.