22 Oktyabr 2018 21:05
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz çayının yeni qol-kanalının açılışı kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli mərasim iştirakçıları. Bu gün biz İmişli rayonunda yeni önəmli infrastruktur layihəsinin istismara verilməsini qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçirilməsi nəticəsində İmişli və qonşu rayonların iqtisadiyyatına yeni təkan veriləcək.

İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir.

Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb. Bu, çox gözəl göstəricidir. Xüsusilə, əvvəlki dövrü nəzərə alsaq görərik ki, bu istiqamətdə böyük irəliləyiş var. Elektrik enerjisi ilə təchizat yaxşılaşır və demək olar ki, bu sahədə heç bir problem yoxdur. Bu gün biz “Azərışıq”ın yeni idarəetmə və nəzarət mərkəzinin açılışını edəcəyik. Sosial infrastrukturla bağlı bir çox önəmli obyektlər istifadəyə verilmişdir. Onların arasında Olimpiya Kompleksi, 130 çarpayılıq mərkəzi rayon xəstəxanası, Gənclər Mərkəzi, digər layihələr, 25 məktəb əsaslı şəkildə təmir edilib və yenidən tikilib.

Bu gün biz İmişlidə “ASAN Həyat” mərkəzinin açılışını qeyd edəcəyik. Bu, çox önəmli sosial layihədir. Bildiyiniz kimi, “ASAN” bizim intellektual məhsulumuzdur. Azərbaycan bu intellektual məhsulu artıq xarici ölkələrə də ixrac edir. “ASAN Həyat” mərkəzində yerli vətəndaşlar, xüsusilə gənclər üçün 180-dən çox iş yeri yaradılıb. Qırxdan çox könüllü “ASAN xidmət” mərkəzində işləyəcək. Bu mərkəzdə 300-dən çox müxtəlif xidmətlər göstəriləcək. Əminəm ki, İmişli rayonunda sosial, ictimai xidmət sahələrində böyük irəliləyiş olacaqdır.

Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək.

Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür.

İnfrastruktur layihələrinə gəldikdə, ümumiyyətlə, deyə bilərəm ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq.

Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq.

Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır.

Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq.

Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur.

Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, - gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, - torpaq vergisi istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq.

Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir.

Son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb. Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin.

Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik. Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq.

Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır.

Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər