23 Oktyabr 2018 12:40
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə müsahibəni təqdim edir:

- Arif bəy, jurnalist Camal Qaşıqçının qətli böyük əks-səda doğurdu. Bu hadisə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bu hadisədə jurnalistin ölümündən qat-qat böyük cinayət var. Cinayətin arxasında birbaşa dövlət dayanır. Bu, yüksək dövlət vəzifəsində olan şəxslərin, dövləti təmsil edənlərin törətdiyi cinayət hadisəsidir. Bu dəhşətli hadisədir. Bu, yüksək səviyyədə verilən qərarlarla bağlı hərəkətdir. Mən bu xəbəri eşidəndə düşündüm ki, Səudiyyə Ərəbistanı özü bu hadisədən nəticə çıxarmasa və ölçü götürməsə, söhbət bu dövlətə qarşı sanksiyaların tətbiq edilməsindən gedəcək. Çünki bu, həm də beynəlxalq cinayətdir. Bir jurnalistə və ya vətəndaşa qarşı törədilən cinayətdən daha böyük təsir gücünə malik hadisədir.

- Bu hadisə hansı nəticələr yaradacaq?

- Fikrimcə, bu, Səudiyyə Ərəbistanı ilə bağlı bir çox qüvvələri ayıldacaq. Ədalət naminə deyək ki, Səudiyyə Ərəbistanının regionda yeri, mövqeyi və roluna görə ona çox şey bağışlanırdı. Düzdür, bu ölkə son vaxt bəzi islahatlara gedir. Yeni şahzadənin siyasətində yeniliklər müşahidə olunurdu. Amma bu islahatların zəifliyi və doğurduğu problemlər faktiki olaraq jurnalistin qətlinə gətirib çıxardı. Odur ki, bu məsələlərin kifayət qədər təsiri olacaq. Və şahzadə hər halda jurnalistin sağlığında edə bilmədiyini, onun ölümündən sonra etməli olacaq, müəyyən islahatları sürətləndirəcək ki, beynəlxalq aləmdə törədilən əmələ qarşı müşahidə edilən mənfi reaksiyanı yumşalda bilsin.

- ABŞ-ın məsələyə münasibətini necə qiymətləndirmək olar?

- Prezident Tramp onu hakimiyyətə gətirən qüvvələri məyus etməmək üçün üzdə bir cür bəyanat verəcək. Bu, birbaşa Səudiyyə Ərəbistanına qarşı yönəlməyən və iri müqavilələri pozmayacaq bəyanatlar olacaq. Çünki Trampın söykəndiyi birinci qüvvə iri kapitaldır. Ancaq alt qatlarda qeyri-rəsmi olaraq, ABŞ-ın Riyada qarşı münasibətində korreksiya, təzyiqin artırılmasına səbəb olacaq.

- Bu hadisədə Türkiyənin rolunu necə xarakterizə edirsiniz?

- Bu məsələdə Türkiyənin rolu bütün mənalarda müsbətdir. Əlbəttə, burada Ankaranı bu istiqamətə yönəldən başqa maraqlar da var. Amma bütün hallarda Türkiyənin hadisəyə dair mövqeyi prinsipial və açıq oldu.

- Camal Qaşıqçı cinayətinin səbəbkarları cəzalarını alacaqmı?

- Tam açıq desək, dünyada jurnalistlərə qarşı böyük cinayətlərin cəzası sona qədər verilməyib. İnanmıram ki, bu halda da cəza veriləcək. Nəzərə almaq lazımdır ki, çox dərin qatlardan söhbət gedir. Söhbət, sadəcə, kralın və ya şahzadənin inciyərək jurnalisti aradan götürməsindən getmir. Bu mənada inanmıram ki, bu araşdırma son həddə gedib çıxsın. Ancaq həm beynəlxalq rezonansı, həm də cinayətin belə vəhşiliklə həyata keçirilməsini nəzərə alaraq birinci qat cinayətkarlar öz cəzalarını alacaq. Məsələn, Riyadda bir nəfərin “qəzaya” düşüb ölməsi elə-belə məsələ deyildi. Həmin şəxs jurnalisti öldürmək üçün təlimatlandırılan qrup üzvlərindən olub. Cinayəti törədən qrupun digər üzvləri də hansısa formada cəzalarını alacaq. Amma məsələ kökə gedib çıxmayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər