"Şəxsən Con Boltondan xahiş etdim ki, Yerevanda olarkən, Ermənistanın yeni rəhbərliyinə sual versin, onlari münaqişənin həllinə hazırdır, yoxsa yox".
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
Nazir Con Boltonla dünən geniş müzakirələr aparıldığını vurğulayıb: “Həm prezident səviyyəsində, həm də mənimlə bir saatdan çox görüş keçirildi. Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi apardıq. ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının İrana təzyiq kimi qiymətləndirilib-qiymətləndirilməməsi ətrafında fikirlərimizi bölüşdük. Həm Amerika tərəfi, həm də biz bununla bağlı öz mövqeyimizi çatdırdıq. Biz hər zaman çalışırıq ki, bütün ölkələrlə normal qonşuluq siyasəti yürüdək”.
Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla, həmçinin Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini qeyd edib: “Mən şəxsən Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri münaqişəni həll etməyə hazırdır, yoxsa yox. Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yaratmaq istəyirmi? Çünki təbii məsələdir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual altına düşər”.
Elmar Məmmədyarov bildirib ki, Fransa şəhərləri merlərinin Azərbaycanın işğal olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim olunub. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə müraciət edildiyini deyib.
"Biz atılan bu addımları anlaya bilmirik. Bir tərəfdən Fransanın xarici işlər və Avropa üzrə naziri, daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Digət tərəfdən isə Fransa şəhər merləri, bələdiyyə rəhbərləri, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edir. Ötən gün Fransa Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, Dağlıq Qarabağın müstəqilliyini tanımır və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində səylər göstərirlər", - Məmmədyarov deyib.
Nazir qeyd edib ki, Fransa səfiri nazirliyə dəvət edilərək ona bildirilib ki, əgər Fransa XİN və DİN-in rəsmi mövqeyinə baxmayaraq, hansısa şəhər, meriya rəhbəri bu qərara qarşı çıxır və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edirsə, onda siz hansısa inzibati qaydada bunun qarşını almaq üşün tədbir görməlisiniz: "Mən bu gün də xanım səfirlə bununla bağlı bir daha söhbət etdim. O, mövqeyimizi yenidən rəsmi Parisə çatdıracaq. Müvafiq cavab Azərbaycana çatdırılacaq".