Fransanın son zamanlar aşırı ermənipərəstlik nümayiş etdirməyə başlaması çox təəccüblüdür.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Fransa bələdiyyələri başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və buradakı “bələdiyyələr”lə müqavilələr imzalamaları artıq bir ilə yaxındır davam edən bir prosesdir:
“Bu, faktiki olaraq qondarma “DQR”i leqallaşdırmağa doğru aparan və əslində beynəlxalq hüquqa meydan oxuyan həyasız bir addımdır. Özü də bunu ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlət edir. Fransa bölgədə hər hansı ehtiyatsız addımın xalqlararası münaqişənin qızışdırılmasına səbəb olacağını daha yaxşı bilir. Həm də bunu dönə-dönə bəyan edir. İndi biz bunu başa düşməkdə çətinlik çəkirik. Emmanuel Makron Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət verdiyini bəyan edir. Fransanın şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. 3 süni peykimizin istehsalı və buraxılmasında da Fransa yaxından iştirak edib. Eyni zamanda Fransa Azərbaycanda bir sıra hərbi təyinatlı məhsulların istehsalında yaxından iştirak edəcək”.
Q.Hüseynli qeyd edib ki, buna baxmayaraq, Fransanın münaqişənin tənzimlənməsi prosesinə verdiyi töhfə sıfır səviyyəsindədir:
“Son vaxtlar isə Fransa bələdiyyələrinin qondarma rejimdəki “bələdiyyələrlə qardaşlaşması” faktiki olaraq Azərbaycanla Fransa arasındakı münasibətlərə ölümcül zərbə vurur. Azərbaycan tərəfi bu münasibətlərdən narahat olduğunu dəfələrlə bildirib. Buna baxmayaraq, Fransa tərəfi pozucu hərəkətlərini dayandırmır. Əksinə, ona yeni-yeni ştrixlər əlavə edir. Bir sözlə, baş verənlər beynəlxalq hüquq normalarına tamamilə ziddir. Həmsədr dövlət kimi Fransanın münaqişənin nizamlanmasına verə biləcəyi töhfəyə ciddi şəkildə kölgə salır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi qurumun 4 məlum qətnaməsinin əleyhinə hərəkət edir. Bu məsələləri araşdırdıqda Fransanın özünün mövqeyi kifayət qədər qəliz və eyni zamanda hüquqi normalara sığmayan bir hərəkət kimi görünməkdədir”.
Qeyd edək ki, Fransanın yerli özünüidarəetmə orqanları rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri son vaxtlar intensiv xarakter almağa başlayıb. Belə ki, sentyabrın 25-də Alforvil, oktyabrın 10-da Valans, oktyabrın 21-də Sent-Etyen, oktyabrın 22-də Arnuvil bələdiyyələrinin başçıları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib. Sözsüz ki, bu səfərlər beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.