25 Oktyabr 2018 18:44
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın bəzi şəhər merlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri ölkə ictimaiyyətinin, o cümlədən qaçqın və məcburi köçkünlərin haqlı etirazına səbəb olub. Çünki bu səfərlər həm Azərbaycan qanunlarının, həm də beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ali qanunverici orqanda işğal olunmuş Laçın rayonunu təmsil edən Mahir Abbaszadə deyib.

M.Abaszadə bildirib ki, qanunsuz səfərlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma, separatçı rejimin təşviqinə xidmət edir. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və cinayətlərə məruz qalması reallıqdır.

“Bu vandalizm aktlarının nəticələri bütün dünyaya, o cümlədən Fransa ictimaiyyətinə də yaxşı məlumdur. Bu tarixi faktların fonunda Fransanın bəzi yerli özünüidarəetmə orqanları rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi yolverilməzdir. Qanunsuz səfərlər təkcə Azərbaycana münasibətdə beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması deyil, bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılmasıdır. Digər tərəfdən, bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik separatizmi təşviq edə bilər. Ona görə də qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə və iddia edən Fransanın bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək onları aradan qaldırması zəruridir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, belə olan halda bu ölkə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində tərəfsizliyini təmin etməlidir”, – deyə deputat qeyd edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər