26 Oktyabr 2018 17:05
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Bolton ABŞ-ın xarici siyasəti üçün mühüm şəxsdir və onun fəaliyyəti vəzifəsinin adından da göründüyü kimi ölkəsinin milli təhlükəsizlik siyasətinin işlənib həyata keçirilməsidir. Dünyanın bir sıra bölgələri, o cümlədən Cənubi Qafqaz bu gün ABŞ-ın marağındadır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan ilk növbədə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorçuluqla mübarizə kimi məsələlərdə ABŞ-la yaxından əməkdaşlıq edir:

“Bu mənada Bolton regiona səfəri zamanı bu məsələlərin həllinə böyük maraq göstərib. Diqqəti cəlb edən onun həm də ölkənin daxili işlərinə qarışmaması, əvvəlki administrasiyanın zamanında olduğu kimi ikili standartla yanaşmaması oldu. Azərbaycanla bağlı isə xüsusi açıqlamalar verdi. O, Azərbaycan faktorunun böyük önəm daşıdığını bir neçə dəfə öz bəyanatlarında və “Tvitter” səhifəsində bildirdi. Bu, həqiqətən də belədir.

Azərbaycan bir tərəfdən günü-gündən güclənən iqtisadi gücdür, digər tərəfdən regionun bir çox məsələləri Azərbaycanın mövqeyindən asılıdır. Ölkə Prezidenti cənab İlham Əliyev həm Azərbaycanın, həm dünyanın, o cümlədən ABŞ-ın milli maraqlarına cavab verir. Cənab Bolton səfər zamanı bu məqamları xüsusi diqqətdə saxlayırdı”.

A.Mirzəzadə daha sonra deyib: “Cənab Boltonun regiona səfəri şübhəsiz ki, ABŞ-ın bu regionda siyasətinin daha da dəqiqləşməsinə, regionla bağlı yeni addımların atılmasına hazırlığını göstərir. Bəyanatından da göründüyü kimi o, Azərbaycana xüsusi önəm verir.

Azərbaycan öz apardığı siyasətlə bu diqqəti, bu nüfuzu qazanıb. Həmçinin, onun Dağlıq Qarabağ məsələsində əvvəllər deyilmədiyi müəyyən aksentləri vurğulaması diqqəti cəlb edir. Ermənistanı tarixi şablonlardan uzaq olmağa çağırması, ABŞ-ın Ermənistandakı əvvəlki səfirinin “Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini geri qaytarmalıdır” tipli bəyanatını bütün cəhdlərə baxmayaraq təkzib etməməsi ABŞ-Azərbaycan münasibətlərinin bu səfərlə daha yüksək səviyyəyə qalxdığını göstərir”.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkib, öz “Tvitter” hesabında da Azərbaycana və Azərbaycan Prezidentinə xüsusi təşəkkür edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər