26 Oktyabr 2018 18:59
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ bölgə ilə bağlı ən vacib layihələrindən birini həyata keçirmək istəyir. Bu layihədə bir sıra dövlətlərin potensialından istifadə etməkdə maraqlıdır. ABŞ-ın Azərbaycana artan marağının səbəbini bunda görürəm”.

Politoloq Qabil Hüseynli belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsinin təqdim edirik:

- ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun bölgəyə - Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfərində əsas mövzu nə idi?

- Hesab edirəm ki, Boltonun bölgəyə səfəri ABŞ-ın İran siyasətinin cilalanması ilə bağlıdır. ABŞ bölgədə yerləşən dövlətlərin İrana münasibətini öyrənmək istəyir. Boltonun Rusiyaya səfər etməsi və burada Prezident Vladimir Putinlə görüşməsi də ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyalarla bağlı deyildi. Gündəmdə duran əsas məsələ İran idi. Xüsusilə də Cənubi Qafqaz respublikalarının İrana hansı münasibət sərgilədiyini öyrənmək, yaxud bu respublikaların İran məsələsində hansı rolu oynaya biləcəyini aydınlaşdırmaq idi.

Eyni zamanda, Boltonun səfəri göstərdi ki, ABŞ Azərbaycana böyük diqqət göstərir, Azərbaycanın potensialını düzgün qiymətləndirir. Boltonun özü də açıq formada dedi ki, “Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Mümkündür ki, yaxın gələcəkdə illərdir Azərbaycana tətbiq edilən “907-ci Akta Düzəliş”i ləğv etdik. Bu, Konqresin işi olsa da, Prezident Donald Tramp bu istiqamətdə səylər göstərir”.

Bolton onu da vurğuladı ki, Azərbaycan bölgədə reallaşdırdığı beynəlxalq, geostrateji layihələrlə regionun iqtisadi inkişafına təkan verir. Eyni zamanda, Azərbaycan ABŞ-la əməkdaşlıq çərçivəsində, Əfqanıstandakı NATO qoşunlarının təchiz edilməsində öz üzərindən keçən nəqliyyat dəhlizi vasitəsilə ciddi rol oynayır. NATO-nun təchizatının 80 faizi bu nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilir. Boltonun Bakıda olarkən dilə gətirdiyi bu fikirlər, ABŞ tərəfindən Azərbaycana verilən yüksək qiymətdir. Ən əsası da Bolton vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın yanaşmasında ciddi dəyişiklik var. Son günlərdə Amerikanın Ermənistandakı səfiri Riçard Mills və digər amerikalı diplomatlar Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini geri qaytarmağa çağırdılar. Hesab edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə dinamizm verəcək.

- Amerikanın birdən-birə Azərbaycana artan bu marağının səbəbi nədir?

- Əslində Amerika Azərbaycana çoxdan diqqət göstərir. Amma indi bu diqqət daha da artıb. Digər yandan, Azərbaycan İranla dəniz və quru sərhədlərinə malikdir. Eyni zamanda, Azərbaycan bölgənin ən inkişaf etmiş ölkəsidir. Amerika tərəfindən o da diqqətə çatdırıldı ki, İrana qarşı tətbiq edilən sanksiyalar çərçivəsində Azərbaycana güzəştlər ediləcək. Çünki Azərbaycan Avropanın enerji resursları və nəqliyyatla təchizatında əhəmiyyətli rol oynayır. Amma ABŞ üçün Azərbaycan həmişə maraqlı olub. İndiki şəraitdə də, Azərbaycanın geostrateji əhəmiyyəti daha da artıb.

Digər yandan da, ABŞ bölgə ilə bağlı ən vacib layihələrindən birini həyata keçirmək istəyir. Bu layihədə də bir sıra dövlətlərin potensialından istifadə etməkdə maraqlıdır. ABŞ-ın Azərbaycana artan marağının səbəbini bunda görürəm.

- Bəs ABŞ-ın Ermənistanla soyuyan münasibətlərini necə izah etmək olar?

- Təkcə, ABŞ yox, digər müttəfiqləri - Rusiya və Fransanın da Ermənistana olan münasibətlərində soyuma var. Həmin ölkələrdən son zamanlarda bildirirlər ki, Ermənistan Baş naziri Nikol Paşinyan dünya düzəninə meydan oxuyur. Özündən əbləh şüarlar çıxarıb ortaya atır. Bu əbləh şüarlar dünyada formalaşmış düzəni yenidən qarşıdurmalara sürükləyə bilər. Digər yandan da, Paşinyan siyasətdə kifayət qədər səriştəsizdir və öz məsuliyyətini dərk etmir. O, kütlə psixologiyasının diletant tələblərinə uyğun formada davranır. Paşinyanın əsas məqsədi kütlənin rəğbətini qazanmaq və bunun hesabına öz hakimiyyətini qorumaqdır. Buna görə də digər müttəfiqləri kimi ABŞ da Paşinyana ciddi yanaşmır və o, bəsitliyinə görə tənqidlərə məruz qalır.

- İstər Ermənistana qarşı dəyişən münasibətdə, istərsə də bir sıra amerikalı diplomatların işğal edilmiş Azərbaycan ərazilərini qaytarılması ilə bağlı İrəvana etdiyi çağırışlar o ehtimalı yaradır ki, ABŞ Qarabağ prosesində aktiv rol oynamağa çalışır. Sizcə, Amerikanın bu cəhdləri Rusiyanın prosesdən sıxışdırılmasına gətririb çıxara bilərmi?

- Rusiyanın sıxışdırılması çətin məsələdir. Amma hər iki dövlət bu məsələnin həllində dil tapa, ortaq mövqeyə gələ bilər. Bölgədə gərginliyin azaldılması bütün dövlətlərin maraqlarını əks etdirir. Eləcə də, Birləşmiş Ştatlar bölgədə gərginliyin olmasında maraqlı deyil. Qənaətimə görə, ABŞ-ın Dağlıq Qarabağ prosesində fəallaşması, Rusiyanın mövqeyinin aydınlaşmasına və daha da aktivləşməsinə gətirib çıxaracaq.

- Ümumiyyətlə, ABŞ-ın fəallaşması Azərbaycanın xeyrinədir?

- Hesab edirəm ki, bu fəallaşma Azərbaycanın xeyrinədir. Çünki indi prosesdə diktə edən əsas ölkədir. Bütün variantlar, o cümlədən münaqişənin dinc yolla həlli üçün əsas şərtləri də Rusiya irəli sürür. Yəni, Ermənistanın münaqişə tərəfi kimi prosesdə yer alması formal xarakter daşıyır, bu aldadıcıdır. Məlumdur ki, Ermənistan Rusiyanın diktəsi ilə hərəkət edir. Buna görə də, Amerikanın işə qarışması Rusiyanın diktəedici rolunu zəiflədə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər