Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir. Seçicilər sərbəst şəkildə öz seçimlərini edirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanda keçirilən prezident seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin xətti ilə müşahidə edən Milli Məclisin deputatı Musa Quliyev jurnalistlərə müsahibəsində deyib.
Gürcüstan paytaxtında bir neçə seçki məntəqəsində olduğunu vurğulayan Musa Quliyev deyib ki, o, seçki komissiyasının üzvləri və müşahidəçilərlə görüşüb. Vətəndaşların səsvermədə fəal iştirakını müşahidə edib: “Məntəqələrdə gürcü xalqının öz niyyət və arzusunu ifadə etmək üçün bütün imkanlar yaradılıb. Seçkinin gedişi və nəticələrinə təsir edə biləcək qanun pozuntularına rast gəlmədik. Müxtəlif məntəqələr üzrə seçicilərin fəallığı fərqlidir. Bəzi məntəqələrdə seçicilərin növbəsini müşahidə etdik, bəzilərində isə saat 12 üçün ümumi seçicilərin 10 faizə qədəri səs vermişdi. Bu da demokratik əhval-ruhiyyənin göstəricisidir”.
Musa Quliyev seçkilərin nəticələrinin Gürcüstanda demokratiya və dövlətçiliyin möhkəmlənməsinə doğru atılmış daha bir addım olacağına ümid etdiyini bildirib.
“Azərbaycan dost, qonşu ölkə kimi Gürcüstanda əmin-amanlığın, qanun və hüququn qorunmasının tərəfdarıdır”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin gedişini Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri, eləcə də Milli Məclisin deputatları - Musa Quliyev QDİƏT PM-in müşahidə missiyasının tərkibində, Əli Məsimli isə GUAM PA-nın müşahidə missiyasının tərkibində izləyirlər.