29 Oktyabr 2018 11:50
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırovla müsahibəni təqdim edir.

- Sabit bəy, dünya neft bazarında qiymətlərin qalxıb-enməsi müşahidə edilir. Neftin qiymətində stabilliyin olmaması nə ilə bağlıdır?

- Fikrimcə, 2018-ci il ərzində neftin qiymətində çalxalanma əsasən, siyasi amillərlə əlaqəlidir. Yəni bu və ya digər neft hasil edən ölkələrin, hansısa regionların proseslərə cəlb edilməsi qiymətdə enmə-qabarmaların baş verməsinə gətirib çıxarır. Eyni zamanda İrana qarşı tətbiq edilən sanksiyalar da müəyyən qədər rol oynayır. Həmçinin Venesuelada müəyyən proseslər gedir. Liviyada ola bilsin ki, hasilat artacaq. Bütün bu amillər neftin qiymətində çalxalanmalara səbəb olur. Sözsüz ki, iqtisadi səbəblər də var, amma mən deyərdim ki, daha çox siyasi səbəblər rol oynayır. Bəzi regionlarda müşahidə edilən qeyri-sabit durum və sanksiya siyasəti. Əsas səbəb bunlardır.

- Noyabrın 4-dən İran neftinin satışına rəsmən qadağa tətbiq ediləcək. Bu hal dünya neft bazarına necə təsir göstərə bilər?

- Çox güman ki, neftin qiymətində artımlar müşahidə olunacaq. Mənim fikrimcə, bu artımlar uzunmüddətli olmayacaq. Çünki digər neft ölkələri var ki, bu halda dərhal hasilatı artıra bilər. Məsələn, Səudiyyə Ərəbistanı, Rusiya və digərləri. Bu səbəbdən hesab etmirəm ki, neftin qiyməti 90 dolları keçə bilər. Amma yaxın bir illik perspektivdə neftin qiymətində ucuzlaşma gözləmək daha real baxış olardı.

- Sizcə, neftin qiyməti hansı həddə qədər enə bilər?

- Hesab edirəm ki, dünya neft bazarında yaxın bir ildə neftin qiyməti 55 ABŞ dollarına qədər enə bilər. Əlbəttə, daha aşağı hədd var, amma 55 dollardan da aşağı düşmə ehtimalı çox azdır.

- Blomberq də proqnozlar verir ki, qiymətdə enmələr baş verəcək...

- Amma iş ondadır ki, neftin qiymətində siyasi amillər daha böyük rol oynamağa başlayıb. Yəni neft bazarına siyasi təsirlər daha güclü olur. Odur ki, siyasi proseslərin hansı istiqamətdə irəliləməsi neftin qiyməti baxımından əhəmiyyətlidir. Bəzən siyasi proseslər real proqnozları dəyişdirmək gücündə olur. Odur ki, indi konkret nəsə demək çətindir. Prinsipcə, bu gün mövcud olan situasiyanı, sanksiyalar siyasətini, ümumi gedişatı nəzərə alsaq deyə bilərəm ki, yaxın perspektivdə neftin qiymətinin artmasını gözləmək olar, amma uzaq perspektivdə biz qiymətdə enmələri müşahidə edəcəyik.

- İrana və Rusiyaya tətbiq edilən sanksiyaların bir məqsədi də bu ölkələri daxildən zəiflətməkdir. Sizcə, sanksiyalar bu ölkələrdə hansı nəticələr yarada bilər?

- Sözsüz ki, problemlər yaranır. Biz, bir neçə il əvvəl İrana qarşı sanksiyaların tətbiq olunduğu zaman görürdük ki, bu, İrana təsiri edir. Sözsüz ki, sanksiyaların mənfi təsirləri var və olacaq. İran milli valyutası bir neçə dəfə devalvasiya edib. Fikrimcə, sanksiyalar davam etsə, devalvasiya prosesi təkrarlanacaq. Rusiya isə daha böyük ölkədir və müxtəlif təbii ehtiyatlarla zəngindir. Ona görə, düşünmürəm ki, sanksiya siyasəti Rusiyaya İrana təsir etdiyi qədər güclü təsir etsin.

Ancaq nəzərə alaq ki, İranda iqtisadi vəziyyətin pisləşməsi bizim üçün xoş hal olmaz. İran bizə qonşu ölkədir. Əgər orada vəziyyət kəskinləşərsə, bu, istər-istəməz bizə də təsir edəcək. Həm iqtisadi, həm də siyasi baxımdan.

- Yaxın Şərqdə illərdir qarşıdurmalar davam edir. Əksər politoloqlar bunu yeni dünya düzəninin yaradılması ilə əlaqəli proses hesab edirlər. Siz, Yaxın Şərqdə baş verənlərin alt qatında hansı iqtisadi səbəbləri görürsünüz?

- Yaxın Şərqdə baş verən dəhşətli proseslərin başladılmasında həm siyasi, həm də iqtisadi səbəblər var. Bunun hansının daha üstünlük təşkil etdiyini demək çətindir. Amma hər iki amil ciddi rol oynayır. Suriyada sərvətlər var, amma yüksək səviyyədə deyil. Yaxın Şərqin taleyi daha çox bu ölkədə marağı olan böyük dövlətlərin öz aralarında razılaşmasından asılıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər