Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin İstanbulda keçirdikləri görüşündə daha çox rəsmi Tehran maraqlı olub.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Gələn həftədən başlayaraq ABŞ-ın İrana qarşı sərt sanksiyalarının işə düşəcəyini deyən politoloqun sözlərinə görə, bu sanksiyalar müəyyən istisnalarla İranla əməkdaşlıq edən dövlət və şirkətlərə qarşı da tətbiq ediləcək:
“Buna görə də, Tehran elə bu gündən sanksiyaların yarılması haqqında düşünməlidir. ABŞ-ın sanksiyaları fonunda iranlı rəsmilər beynəlxalq aləmlə mümkün qədər çox təmaslara çalışırlar. Tehran ümid edir ki, qonşuları Azərbaycan və Türkiyə Amerikanın sanksiyalarına rəğmən, İranla əməkdaşlığı davam etdirəcəklər.
İstanbuldakı görüşdə Türkiyə və Azərbaycan xarici işlər nazirləri İrana qarşı sanksiyalara qoşulmayacaqlarını və əməkdaşlığı davam etdirəcəklərini vəd etdilər. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bunun qarşılığında “Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlıyıq” dedi. Çeynənmiş cümlədir. Deməliydi ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıyıq. Demədi”.
Elxan Şahinoğlu qeyd edib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin Azərbaycana səfəri təxirə salındı:
“Bunu belə izah etdilər ki, onun iş qrafikində baş vermiş dəyişikliyə görə səfər təxirə salınıb. İnandırıcı deyil. Görünür, Tehran Azərbaycanın baş qərargah rəisinin keçən həftə İsrailə səfərindən və israilli həmkarı ilə görüşündən narazı qalıb.
Üstəlik, Tehran böyük ehtimalla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakıda Azərbaycanın ünvanına dediyi isti mesajlardan da narazıdır. Özləri bilər.
Tehrana qarşı sərt sanksiyalara rəğmən, Azərbaycan İranla əməkdaşlıqdan imtina etmir, Rəşt-Astara dəmiryolunun tikintisi üçün ayırdığı 500 milyon dollar kredit vədinə də sadiqdir. Ancaq bunun qarşılığında Tehran yenə bizə şübhəylə yanaşır”.