1 Noyabr 2018 23:54
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin oktyabrın 30-da İstanbulda keçirilən VI üçtərəfli görüşündə imzalanan bəyannamə Ermənistan tərəfində təəssüf hissi ilə qarşılanıb və erməni cəmiyyətində narahatlıq yaradıb. Çünki bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipləri üzrə həllinin vacibliyi vurğulanıb.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannamə imzalaması Ermənistanın beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinin daha da zəifləməsi və getdikcə təklənməsi deməkdir:

“Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir ki, dünya ölkələri gec-tez Qarabağla bağlı həqiqətləri qəbul edirlər. İstanbulda belə bir bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Türkiyə hər zaman öz qardaşlıq mövqeyini nümayiş etdirərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri edir”.
Z.Əmrəliyev qeyd edib ki, Ermənistan KİV-lərində İranın Qarabağ münaqişəsi ilə bağlı məlum bəyannaməni imzalamasının böyük narahatlığa səbəb olduğu yazılır:

“Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tutub. Lakin indi Tehranın bu sənədə qoşulması onu göstərir ki, İran Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edir”, – Ermənistanın nüfuzlu “1in.am” analitik portalında dərc olunan məqalədə belə yazılır. Bu zaman belə bir sual ortaya çıxır ki, İran-Ermənistan münasibətlərində hər hansı bir soyuqluq varmı? Bir neçə ay bundan öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır. Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdülər. Bu isə səmərəli danışıqlar üçün uyğun format hesab edilmir. Bundan əlavə, Qərbin sanksiyaları fonunda İranda iqtisadi durum heç də istənilən səviyyədə deyil. ABŞ bu kontekstdə Cənubi Qafqaz üzrə siyasi konsepsiyasını dəyişdirərək İrana qarşı diplomatik və siyasi təzyiqlərini gücləndirmək niyyətindədir. ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələsi üzrə müşaviri Con Boltonun Rusiyaya, Azərbaycana və Ermənistana səfəri də elə bu amilin reallaşdırılması üçün atılmış ilk addım olaraq qiymətləndirilməlidir. Buna görə də İran regionda Amerikanın varlığından narahatdır, bu isə, sözsüz ki, daxili və xarici böhran içərisində olan Ermənistana da təsir edir. Çünki İran Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir”.
Siyasi şərhçi əlavə edib ki, Ermənistanda da iqtisadi vəziyyət olduqca acınacaqlıdır və ölkə regionda olan bütün qlobal layihələrdən təcrid olunub:

“Bütün bu siyasi proseslərin timsalında isə Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib ki, bu da İranın maraqlarına cavab vermir. Paşinyanın Qərbə meylliliyi Rusiyanı da qıcıqlandırır. Fikrimcə, Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərində olan gərginlik və ardınca İranla da belə bir gərginliyin yaşaması onların hakimiyyətinin sonu deməkdir. İstanbul bəyannaməsinin İran tərəfindən də imzalanması rəsmi İrəvanla Tehran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər