ATƏT Baş katibi Tomas Qreminqer Moskvada keçirilən brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpa edilməsi barədə çıxışında qeyd edib ki, tərəflər kompromisə gəlməlidirlər. Bu haqda düşünmək lazımdır. ATƏT baş katibinə sual vermək olar ki, işğala məruz qalan ölkə hansı əsaslarla kompromisə getməlidir?
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ATƏT baş katibinin bu açıqlaması işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamaqdır:
“ATƏT demək olar ki, formal bir qruma çevrilib. Əgər baş katib Avropanın təhlükəsizliyini təhdid edən Ermənistanın işğalçılıq siyasətini görməzdən gəlirsə, işğala məruz qalan bir ölkəyə kompromis çağırışı edirsə, deməli, ATƏT öz missiyasını həyata keçirməyi bacarmır, yaxud ikili standatlardan məsləyə yanaşır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində ermənilərə yeganə güzəşti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verməkdir: “Danışıqlar masasında bu, təsbit olunub. Baş katib yaxşı olardı ki, gedib, danışıqlar masasında həll variantları ilə tanış olsun”.