Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağa gözlənilməz gəlişinə bir neçə aspektdən yanaşa bilərik.
Bunu Teleqraf.com-a açqılamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, N.Paşinyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana səfərindən dərhal sonra Qarabağa gəlişi qondarma rejimin başçısı Bako Saakyanla məsləhətləşmə də ola bilər. Ancaq o qeyd edir ki, ikinci məqam da istisna deyil:
“Belə ki, Nikol Paşinyanın namizədliyi razılaşdırıldığı kimi ikinci dəfə parlamentdə təsdiqlənmədi və parlament özünü buraxdı. Artıq növbədənkənar seçkilərin dekabrın 9-da keçiriləcəyi barədə prezident sərəncamı da imzalanıb. Mümkündür ki, seçki keçirməyə nail olan Paşinyan Qarabağda tam sakitlik olmasını istəyir. Çünki məhz bu ərəfədə ən təhlükəli məqam Qarabağ klanının hərbi təxribatı ola bilər. Əgər hələ də ordu daxilində müəyyən nüfuzunu qoruyan Serj Sərkisyan cəbhədə təxribat yaradarsa və Azərbaycan Ordusunun ağır zərbəsi qaçılmaz olarsa, bu, Paşinyanın seçkidə çox ciddi səs itirməsinə və ümumiyyətlə, uduzmasına gətirib çıxara bilər. Ona görə Paşinyanın Qarabağa gecə gəlişinin səbəbləri sırasında bu versiya üstünlük təşkil edir”.
E.Aşırlı onu da bildirib ki, N.Paşinyanın oğlunun işğal olunmuş Azərbaycan torpaqlarında “xidmət” etməsi də onu narahat edən amillərdən biridir. Belə ki, Paşinyan oğlunu tez-tez görmək üçün işğal olunmuş Azərbaycan torpaqlarına səfərlər təşkil edir.