ABŞ-ın yenidən tətbiq etməyə başladığı ikinci mərhələ sanksiyaları İran iqtisadiyyatını çökdürməyə hesablanıb. İqtisadiyyatı çökdürmək və İran daxilində sosial etirazları qızışdırmaq yolu ilə mövcud İran hakimiyyətini devirmək hədəfə alınıb.
Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.
Ekspertin sözlərinə görə, əgər İran sərtləşən sanksiyalar qarşısında geri çəkilsə, yeni nüvə müqaviləsinin imzalamaq məcburiyyətində qalacaq:
“İran hakimiyyəti isə bunu özünə təhqir kimi başa düşür. Buna görə də, ABŞ-ın irəli sürdüyü təklifləri birmənalı şəkildə rədd edir. Lakin ikinci mərhələ sanksiyaları enerji sektoru ilə yanaşı, gəmiçilik sənayesi və maliyyə qurumlarını əhatə etdiyi üçün, bunun İran daxilində ciddi iqtisadi nəticələr doğuracağı gözlənilir.
Çünki İranın büdcəsinin əsas hissəsini neftdən gələn gəlirlər təşkil edir. Buna görə də, sanksiyaların ikinci mərhələsi daha ciddi əhəmiyyət kəsb edir.
Bu sanksiyaların hansı nəticə verəcəyinə gəlincə, bu haqda danışmaq hələ tezdir. Çünki İran da sakit oturub sanksiyaların tətbiq ediləcəyi günü gözləmədi. Tehran bir sıra Avropa dövlətləri və ABŞ-ın müttəfiqi olan dünya gücləri ilə danışıqlar apardı. Bu istiqamətdə də müəyyən nailiyyətlə əldə olunub”.
Natiq Miri hesab edir ki, ABŞ İran hakimiyyətini devirmək hədəfinə çata bilməyəcək: “Çünki İran sıradan, sosial etirazlarla devriləcək bir dövlət deyil. Məlumdur ki, İranın hərbi və kəşfiyyat xidmətləri olduqca güclüdür. İranda bir neçə güc mərkəzi var ki, bunlardan biri də İnqilab Keşikçiləri Korpusu – SEPAH-dır. Bu korpus böyük gücə malikdir.
Düşünürəm ki, Prezident Həsən Ruhani də bu hücumların qarşısına planlı çıxıb. Başqa sözlə, ABŞ-a istədiyi hədəflərə çatmağa imkan verilməyəcək.
Avropa İttifaqı bu sanksiyaların qarşısını almaq üçün dolayı yolla İranla əməkdaşlıq edir. Bir neçə Avropa dövləti ABŞ-a qarşı birləşib. Rusiya da bəyanat verərək bildirdi ki, İrana dəstək verəcək.
Ola bilsin, Rusiya kimi Çin, Hindistan və Pakistan da İrana öz dəstəklərini nümayiş etdirsin. Bölgənin əsas güc mərkəzi olan Türkiyə də İranla əlaqələrini davam etdirəcəyini açıqlayıb. Buna görə də, ABŞ-ın İranı tamamilə təcrid edə biləcəyini düşünmürəm”.