Azərbaycan hazırda siyasi, iqtisadi inkişafına görə dünyada lider mövqedədir. Ölkəmiz regionda və beynəlxalq arenada gedən proseslərə öz töhfəsini verən güclü aktora çevrilib. Bu gün Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısının keçirilməsi isə Azərbaycan diplomatiyasının yeni qələbəsidir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, indiyədək Azərbaycanın təşkilatçılığı ilə bir çox konfranslar, forumlar keçirilib, Bakı dəfələrlə nüfuzlu tədbirlərə ev sahibliyi edib:
“Azərbaycan beynəlxalq arenada tutduğu mövqeyinə və roluna görə strateji əhəmiyyətli ölkədir. Xüsusilə, Azərbaycan-Fələstin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyi hamıya məlumdur. Azərbaycan hər zaman Fələstin Dövlətinin mövqeyini müdafiə edir. Həmçinin, Fələstin Dövləti də Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Rəsmi Bakı belə bir konfransa ev sahibliyi etməklə Fələstin probleminin həll olunmasında istəkli və çox maraqlı olduğunu nümayiş etdirir”.
Analitik qeyd edib ki, ümumiyyətlə, Azərbaycan son zamanlar beynəlxalq arenada münasibətlərin və yaranmış gərginliklərin müsbət istiqamətdə həllində rol oynayan önəmli aktora çevrilib:
“Xüsusilə, Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında əhəmiyyətli rol oynayıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq siyasətdə sülh tərəfdarı kimi çıxış edir”.
Qeyd edək ki, bu gün Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yusif Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər edib.