Noyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin, dövlət və hökumət orqanları nümayəndələrinin, tarixçi-alimlərin, QHT və KİV təmsilçilərinin iştirakı ilə “Separatizmə, işğala və terrora son! İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova Publika.az-a müsahibəsində bu mövzuda gördükləri işlər, İrəvanın Ermənistana paytaxt olaraq verilməsinin siyasi məqamlarından danışıb.
- Nüşabə xanım, ilk olaraq beynəlxalq konfransla bağlı məlumat vermənizi istərdik.
- Noyabrın 2-də keçirilən beynəlxalq konfrans İsveç Krallığının Stokholm şəhərində təşkil edilən tədbirin davamı idi. Beynəlxalq Dialoq və İnkişaf Alyansı 20-23 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İsveç Krallığının Stokholm şəhərində “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı layihə həyata keçirib.
Layihədə 100 il bundan öncə Azərbaycanın qədim torpağı, tarixi mədəniyyət mərkəzi olan İrəvanın Ermənistana paytaxt olaraq verilməsinin siyasi məqamları, qarşılıqlı razılaşma, Batumda imzalanan müqavilədə Azərbaycan və Osmanlı dövlətlərinin Ermənistan qarşısında qoyduğu şərtlər, hər iki dövlət qarşısında Ermənistanın üzərinə götürdüyü öhdəliklər və digər məsələlər arxiv sənədləri əsasında araşdırılıb, sənədli film və buklet formasında öz əksini tapıb. Stokholm şəhərində keçirilən tədbirin davamı olaraq, biz Bakı şəhərində də xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin, dövlət və hökumət orqanları nümayəndələrinin, tarixçi-alimlərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə “Separatizmə, işğala və terrora son! İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı beynəlxalq elmi konfrans təşkil etdik.
- Nəyə görə məhz İrəvan mövzusu?
- Bu, tarixi bir mövzudur və böyük məsuliyyət tələb edir. İrəvanın tarixinin araşdırılması və bu məsələ ilə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində cənab Prezidentimiz, xüsusilə, qeyd etmişdir ki, İrəvanla bağlı tarixi həqiqətlərin dünyaya çatdırılması ölkə diplomatiyasının əsas vəzifələrindən biridir.
Bu sözlər, eyni zamanda, ictimai təşkilatlar, xüsusilə, beynəlxalq səviyyədə fəaliyyət göstərməyə çalışan təşkilatların üzərinə böyük məsuliyyət qoyur. Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, biz İrəvanla bağlı, bütövlükdə, Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu mövzuya müraciət etdik.
- Siz tarixçi-alimsiniz, bu layihəyə qədər Sizin İrəvanın tarixi ilə bağlı araşdırmalarınız olubmu?
- Mən, eyni zamanda, AMEA Tarix İnstitutunun elmi işçisiyəm. Bakı Dövlət Universitetini bitirdikdən sonra sonralar mənim elmi rəhbərim olan akademik Mahmud İsmayılovun dəvəti ilə Tarix İnstitutunda “Azərbaycanın yeni tarixi” şöbəsində çalışmağa başladım. Bu günə qədər mənim tədqiqat sahəm XIX-XX əsrin əvvəlləri dövrüdür. Dərc olunmuş beş elmi monoqrafiyamda İrəvanın tarixi ilə bağlı məqamlar öz əksini tapıb, həmçinin, bir sıra məqalələrim İrəvanın tarixinə dair araşdırmalara həsr olunub. Bundan əlavə, Rusiyanın Sankt-Peterburq şəhərində fasilələrlə elmi ezamiyyətdə olmuşam. Sankt-Peterburqda yerləşən Rusiya Dövlət Tarix Arxivində, Rusiya Dövlət Hərbi Dəniz Donanması Arxivində araşdırmalar aparmışam və Azərbaycana İrəvanın və Naxçıvanın tarixi ilə bağlı 30000-dən çox tarixi sənəd gətirmişəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırkı layihə üzrə, həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivində, Azərbaycan Dövlət Tarix Arxivində, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Arxivində olan materiallardan və nəşr olunmuş mənbələrdən sənədli filmin və bukletin hazırlanmasında istifadə olunub.
- Necə oldu ki, Azərbaycanın tarixi torpağı olan İrəvan Ermənistana verildi?
- İrəvanın Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılması məqsədilə güzəştə gedilməsi beynəlxalq məsələ idi. 1918-ci ildə dünyanın nəhəng dövlətlərini birləşdirən və qarşı-qarşıya gətirən Birinci Dünya müharibəsi yekunlaşmışdı. Bir çox xalqları və əraziləri öz əsarəti və müstəmləkəsi altında saxlayan Rusiya imperiyası dağılmışdı. Osmanlı dövləti müharibədən ağır itkilərlə çıxmışdı. Həmin zaman dünyada siyasi vəziyyət hadisələrin nəticələrinə hökm edirdi. Müharibədən qalib çıxan və Paris Sülh Konfransını çağıran ABŞ prezidenti Vudro Vilson və onu müdafiə edən qüvvələr üç Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi və paytaxtınızı yaradın, sərhədlərinizi müəyyən edin, biz də sizin müstəqilliyiniz haqqında düşünək. 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın 44 üzvündən 28 nəfərin iştirak etdiyi iclasda Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi qərara alındı və Qərbi Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən, İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyi vurğulandı. Həmin vaxtda Batum danışıqlarında Osmanlı hərbi komandanı Vehip Paşa ermənilərə ərazi verilməsinin məcburiyyət olduğunu bildirdi. O, “Erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu qəbul edərək, onların müstəqilliyinin Türkiyə tərəfindən tanınacağını bildirdi. Batumidə imzalanan bu müqavilə Ermənistanın müstəqilliyini tanıyan ilk beynəlxalq sənəd idi. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv.km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), Erivan quberniyasının 3/5 hissəsi, Eçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisini 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi. Bu qərar Osmanlı imperiyası, Azərbaycan və Ermənistan respublikaları arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsdiq olundu.
Həmin müqavilədə aşağıda qeyd olunan maddələr xüsusi diqqət çəkir:
Maddə 4: Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi təqdirdə, Osmanlı hökuməti ölkədə qayda-qanunu və daxili asayişi təmin etmək və möhkəmləndirmək üçün Azərbaycana zəruri hərbi yardım göstərməyi öz öhdəsinə götürür.
Maddə 5. Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək.
Maddə 6. Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı, eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.
Maddə 11. Ermənistan Respublikasının hökuməti bu müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.
Məlum olduğu kimi, bu müqavilə hüquqi bazası olan bir sənəd idi və bu sənəddə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi və sonrakı dönəmdə işğalçılıq, eyni zamanda, etnik təmizləmə siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
- İrəvan mövzusunu gündəmə gətirməkdə, İrəvanla bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda əsas məqsəd nədir?
- Artıq 30 ildir, Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzədir. Azərbaycanın 20 faiz ərazisi - Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı öz ərazisində, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən aparılan “Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyası nəticəsində Xocalı soyqırımı dünyanın 10-dan artıq ölkəsi tərəfindən rəsmən tanınıb. Azərbaycan xalqının yaşadığı bu tarixi faciədən sonra 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan 25 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçini, digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı çağırışlarına məhəl qoymur. Bu, onu göstərir ki, separatizmə, işğala və terrora qarşı mübarizədə beynəlxalq qanunlar işləmir. Bu, böyük faciədir. Beynəlxalq qanun və qətnamələri qəbul etməyən ölkələrə sanksiyaların tətbiq olunması qaçılmazdır. Yalnız bu halda dünyada gündən-günə artan münaqişələrin nisbətən qarışısının alınmasına nail olmaq mümkün ola bilər.
- Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, siz ötən il Belçika Krallığıının paytaxtı Brüsseldə girovluqda saxlanılan həmvətənlərimizlə bağlı silsilə tədbirlər həyata keçirmişdiniz. Bu il İsveç Krallığında Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə tədbir keçirdiniz. Dünən isə Bakıda geniş formatda beynəlxalq konfrans baş tutdu. Bu tədbirlərin davamı olacaqmı?
- Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşkəs rejimi pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Erməni əsgərləri tərəfindən artilleriya atəşləri nəticəsində sərhədlərdə günahsız insanlar, qadınlar, uşaqlar öz evlərində, həyətlərində öldürülürlər. Bu gün Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonu işğalı altında saxlayır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Sərhəd bölgələrdə yaşayan insanlar aydın səma arzulayırlar. Erməni silahlı qüvvələri tərəfindən girovluqda saxlanılan soydaşlarımız bizlərdən kömək gözləyir. Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, bu sahədə beynəlxalq səviyyəli layihələrin davamlı olaraq həyata keçirmək, ölkəmizdə və regionda sülhün və sabitliyin qorunması istiqamətində dövlətimizin apardığı siyasətə hər zaman dəstək olmaq borcumuzdur.
İlkin