5 Noyabr 2018 19:15
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu çox önəmli fərmandır. Bildiyiniz kimi cənab prezident bundan öncə də Azərbaycan dilinin qorunması və tətbiqi ilə bağlı müvafiq fərman və sərəncamlar imzalayıb.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Prezident İlham Əliyevin noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının əhəmiyyətinə toxunan baş redaktor qeyd edib ki, dövlət başçısının Azərbaycan dilinə olan sevgi və qayğası hər kəs üçün örnək olmalıdır:

“Ən önəmli məqamlardan biri sənədə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsinin yaradılmasıdır. Bu, çox önəmli bir məsələdir. Çünki dil pozuntularına, qüsurlara ayrı-ayrı KİV orqanlarında, reklamlarda, kitablarda çox tez-tez rast gəlinir. Bunlar da şübhəsiz ki, Azərbaycan dilinin saflığının qorunmasına çox ciddi şəkildə maneə yaradır. Bu baxımdan maarifləndirmə təbii ki, önəm daşıyır. Bununla yanaşı mövcud problemlərin aradan qaldırılması üçün onların monitorinqinin aparılması çox vacib şərtlərdən bidirir. Eyni zamanda ictimai qınaqla yanaşı Azərbaycan dilinin qanunlarını kütləvi şəkildə məqsədyönlü olaraq pozan, onu gözdən salmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi üçün Monitorinq Mərkəzinin faəliyyəti xüsusi əhəmiyyət kəsb edəcək”.

E.Mirzəbəyli şübhə etmir ki, Azərbaycan KİV-ləri bu prosesin içində olacaq və prosesin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər:

“Azərbaycan dilinin mövcud qloballaşma şəraitində qorunması xüsusi əhəmiyyət kəsb edir. İmperiyalar dövründə Azərbaycan xalqının milli varlığını qoruyan məhz onun dili olub. Biz də bu gün Azərbaycan dilini qorumaqla onu gələcək nəsillərə ötürməyə borcluyuq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər