5 Noyabr 2018 22:14
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri, gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Maraqlıdır ki, hələlik Paşinyan seçkilərdə iştirak edəcək yeganə namizəddir. Parlamentdə olan digər siyasi qüvvələr öz namizədlərini elan etməyib. Bunadan başqa, Paşinyan yaxşı başa düşür ki, əsas mübarizə “Qarabağ” və onun təmsil olunduğu “İrəvan” klanları arasında gedəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspert qeyd edib ki, Paşinyan işğal bölgəsinə səfər edərək, “Qarabağ klanı”nın buradakı nümayəndələrinin dəstəyini təmin etmək və həmin klanın İrəvandakı məhkəmə, icra və digər orqanlardakı strukturlarının seçkilərə təsirlərini zəiflətməyi planlaşdırır

“Digər yandan, Qərbdən Paşinyana təzyiqlər artır. Bu təzyiqlər də, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər. Artıq ABŞ-da Paşinyan iqtidarına müəyyən mesajlar verilir. Con Bolton bölgəyə səfərində elan etdi ki, Ermənistan baş naziri Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə getməsə, ona edilən təzyiqlər azalmayacaq. Hesab edirəm ki, seçkilərdən sonra Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedərək, kompromisə gələ bilər. Çünki güzəştə təkcə Paşinyan yox, həm də “Qarabağ klanı” getməlidir. Bu klanın arxasında da, bölgə ilə bağlı maraqlarının əsas təminatçısı olan Rusiyanın müəyyən siyasi dairələri də dayanır. Düşünürəm ki, Paşinyan həmin dairələr vasitəsilə müəyyən instansiyalara da, çıxa bilər.

Əlbəttə, Paşinyan öz hakimiyyətinin gələcək müqəddaratını təyin etmək üçün Qarabağa səfər edib. Lakin bu da istisna deyil ki, Paşinyanın Qarabağa olan səfəri seçkilərdən sonra onun kompromisə gedib-getməyəcəyini dəqiqləşdirmək üçün də edilib. Əlbəttə, seçkilərdən sonra Paşinyanın Qərbin Qarabağla bağlı ona təqdim etdiyi “Yol xəritəsi”ndən çıxış edib-etməyəcəyi haqda fikir yürütmək olar. Məlumdur ki, Paşinyanın komandasında qərbyönümlü nazirlərin sayı kifayət qədərdir. Bəs seçkilərdən sonra ABŞ Paşinyanın təhlükəsizliyinə təminat verəcəkmi? Digər yandan, Qərb Ermənistana lazım olan krediti verəcəkmi?”.

Elşən Manafov bildirib ki, vaxtilə ABŞ Gürcüstanda keçmiş prezident Mixail Saakaşviliyə də belə vədlər vermişdi: “Bundan ruhlanan Saakaşvili Rusiyadan uzaqlaşamağa başladı. Son nəticədə də Saakaşvili öz hakimiyyətini, Gürcüstan isə öz ərazilərini itirdi. Bunu Paşinyan da başa düşür. Buna görə də, Paşinyana Qərbin maliyyə və təhlükəsizlik təminatı lazımdır. Bu da seçkilərdən sonra məlum olacaq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Üç gündür Qarabağda olan Paşinyan burada müxtəlif görüşlər keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər