Ermənistanda hakimiyyət dəyişikliyi ilə yadda qalan inqilab baş verdikdən sonra Rusiyanın media qurumları İrəvana qarşı hücuma keçdi. Hələ də Rusiyadan Ermənistana təzyiqlər səngiməyib.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin sözlərinə görə, Ermənistanın yeni hakimiyyətinin Qərbə üz tutması, Rusiyanı narahat edir:
“ABŞ Prezidentinin müşaviri Con Boltonun Cənubi Qafqaza səfərindən sonra bu təzyiqlər bir qədər də artdı. Demək olar ki, ikili münasibətlərdə gərginlik pik həddədir. Gürcüstandan sonra Ermənistanın da Rusiyanın təsir dairəsindən çıxması Moskva üçün qəbuledilməz haldır. Lakin Boltonun səfəri göstərdi ki, ABŞ-ın regionda maraq göstərdiyi əsas ölkələr Azərbaycan və Gürcüstandır.
Yəni, Ermənistan ABŞ üçün o qədər də maraqlı deyil. Çünki ABŞ Ermənistanın müstəqil siyasət yürütdüyünə inanmır, digər tərəfdən, Rusiya Ermənistanı Qərbə sakit şəkildə verməyəcək. Buna görə də Bolton İrəvana tövsiyə verməklə kifayətləndi və Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həllinə üstünlük verdiklərini bildirdi”.
Moskvadan Ermənistan Baş naziri Nikol Paşinyana edilən təzyiqlərə gəlincə, Ramiyə Məmmədova hesab edir ki, Rusiya bununla ona öz yerini göstərməyə çalışır:
“Paşinyanı başa salmağa çalışırlar ki, çətin vəziyyətdə qalmış Ermənistanın çıxış yolu Rusiyadan keçir və indiki halda onların Rusiyaya alternativləri yoxdur. Bir tərəfdən də Boltonun İrəvana səfəri və bu haqda uzun müddətdir rusiyalı politoloqların apardığı müzakirələr ciddi qəbul edilmir. Çünki Moskva ciddi-cəhdlə çalışır ki, yenidən baş nazir seçiləcək Nikol Paşinyan Ermənistanı Rusiyanın müstəmləkəsindən çıxara bilməsin və onun özü də Moskvanın əlinin altında olsun”.