İran illərlə blokadada olub. Həmin dövrdə İran kosmosa öz peykini buraxdı, nüvə tədqiqatlarını genişləndirdi, daxili siyasətdə lazım olan addımları ataraq iqtisadiyyatını inkişaf etdirdi. Hazırda sanksiyalar məsələsində dünya yekdil olmadığından ABŞ-ın birtərəfli şəkildə tətbiq edəcəyi embarqo İrana o qədər də təsir göstərməyəcək.
Bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu İrana qarşı tətbiq edilən sanksiyaların yaradacağı mümkün nəticələri Teleqraf.com-a şərh edərkən deyib.
Partiya sədri xatırladıb ki, Böyük Britaniya kimi dövlət İranla əməkdaşlığı davam etdirəcəyinə dair bəyanat verib:
“Fransa və Almaniya da bu mövqeni bölüşür. Paris və Berlinin İranda nəhəng yatırımları var. Onlar şirkətlərini İrandan çıxarsalar, öz iqtisadiyyatlarına da böyük ziyan vura bilərlər. Eyni zamanda regiona dövlətlərindən Türkiyə, Qətər, Azərbaycan, Rusiya da İranla münasibətləri poza bilməz. Çünki bu addım həmin dövlətlərin öz mənafelərinə ziyan gətirər. Bu baxımdan müəyyən bir dövr üçün sanksiyalar İrana mənfi təsir edəcək, amma İranda rejimin çökməsinə gətirib çıxaracaq səbəblər yaratmayacaq”.
Sərdar Cəlaloğlu əlavə edib ki, Ermənistanın İrana qarşı sanksiyalara qoşulub-qoşulmaması ciddi əhəmiyyətə malik deyil:
“Ermənistan güclü dövlət deyil, böyük maliyyə imkanları yoxdur. ABŞ-ın sanksiya planında söhbət milyardlarla maliyyədən gedir. Hansı ki, bu ticarət beynəlxalq maliyyə sistemi vasitəsilə həyata keçirilir. Ermənistan Rusiyanın nəzarəti altında olan və onun ayırdığı kompensasiyalar hesabına yaşayan dövlətdir. Bu baxımdan Ermənistanın İranla ciddi və milyardlıq ticarəti yoxdur. Həm də Ermənistan İranla əməkdaşlığa davam etsə, ABŞ buna göz yumacaq. Çünki Ermənistanın ticarət dövriyyəsi çox kiçikdir və ermənilərin mövcudluğu İranla sərhədindən asılıdır. Mənim fikrimcə, Ermənistan sanksiyalar siyasətinə qoşulmayacaq”.