Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada keçirilən sammiti bir daha göstərdi ki, Ermənistan təşkilatda etimadını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, Yuri Xaçaturovun təşkilatın baş katibi vəzifəsindən kənarlaşdırılması Rusiyanın Ermənistanın indiki hakimiyyətini dəstəkləməsi anlamına gəlmir və bu ölkənin siyasi uğuru deyil, əksinə yeni baş katibin Ermənistan nümayəndəsi olmaması təcavüzkar ölkənin uğursuzluğudur:
“Ermənistanın həm əvvəlki, həm də indiki hakimiyyəti KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri zəiflətmələri üçün hər zaman təsir etməyə çalışıb. Lakin rəsmi İrəvanın bu cəhdləri həmişə boşa çıxıb, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylovuna dediyi kimi, erməni nümayəndələrinin bəyanatlarına bundan sonra KTMT-da başqa cür yanaşacaqlar. Artıq vəziyyət dəyişib və bu heç də Ermənistanın lehinə deyil”.
E.Aşırlı hesab edir ki, Rusiyanın məsələyə kəskin reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirib:
“Moskvada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı, yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət isə strukturun nüfuzuna xələl gətirib. Görünür, ən azı adi hüquqi prosedurların yerinə yetirilməsində belə yol verilən naşılıq təşkilatın yeni baş katibinin Ermənistan nümayəndəsi olmasına imkan verilməməsində rol oynayıb”.
Siyasi analitik KTMT-nin bundan sonra yeni baş katib seçməli olduğunu vurğulayıb. Onun fikrində, bu qərar çox güman ki, dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək iclasda veriləcək.