Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dönəm rəhbərliyinin Ermənistandan alınaraq, Belarusa verilməsi baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana vurulmuş ağır zərbə oldu.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Paşinyanın təşkilatın keçmiş baş katibi Yuri Xaçaturovu bu postdan uzaqlaşdıraraq, ora öz adamını yerləşdirmək planının qarşısı Moskva tərəfindən alınıb:
“Halbuki Xaçaturova qarşı irəli sürülmüş ittiham imkan verirdi ki, erməni tərəfi onu digərilə əvəz etsin. Rotasiya qaydasına uyğun olaraq, Ermənistan 2020-ci ilədək təşkilata sədirlik etməliydi. Lakin Qazaxıstan və Belarus Rusiyanın da iştirakı ilə buna icazə vermədi.
Bu, Nikol Paşinyanın xarici siyasətinin fiaskosudur, həmçinin Rusiya ilə hesablaşmalı olduğunu göstəricisidir. Artıq Ermənistan KTMT-nin ən urvatsız üzvüdür. Bu ölkənin heç bir hüquq və istəkləri də qurumun nizamnaməsində tanınmadı. Paşinyan öz adamını baş katibliyə gətirməklə, təşkilatda olan “Qarabağ klanı”nın nüfuzlu üzvlərindən birini neyrallaşdırmağı planlaşdırır, nəticədə isə Ermənistanı neytrallaşdırdı. Necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxardı”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın Ermənistanın yeni hakimiyyətinə qarşı kəskin qəzəbi var: “Bu qəzəb Paşinyana baha başa gələ bilər”.