Fransa Prezidenti Emmanuel Makronun təklif etdiyi Avropanın öz ordusunu yaratması layihəsi Qərb dünyasında çox ciddi parçalanmalara gətirib çıxara bilər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu ideya Bill Klintonun prezidentliyi zamanında da Avropa liderləri tərəfindən qaldırılmışdı. Ancaq həmin vaxt B.Klintonun səyləri nəticəsində bu ideyanın ümumi işə xeyir verməyəcəyini Avropa liderlərinə izah etmək mümkün olmuşdu.
Müsahibimiz qeyd edir ki, son vaxtlar bu ideyanın geniş yayılmasının əsas səbəbkarı Donald Trampın özüdür:
“Tramp durmadan deyir ki, guya NATO-nu saxlayan ABŞ-dır. Qeyd edir ki, avropalıların təhlükəsizliyini heç bir səbəb olmadan amerikalı vergi ödəyiciləri təmin edir və Avropa ölkələri özlərinin NATO-ya ayırmalarını mütləq ümumi daxili məhsulun 2 faizindən 4 faizinə çatdırmalıdırlar. Özü də Tramp bu fikirlərini yeri gəldi-gəlmədi, istənilən fürsətdə səsləndirməklə Avropa ölkələrinin heysiyyatına toxunulması təəssürafını yaradır”.
Q.Hüseynli deyir ki, əvvəlcə Almaniyanın irəli sürdüyü, lakin inkişaf edirmədiyi bu fikirdən hazırda Fransa Prezidenti E.Makron möhkəm yapışıb:
“Zənnimcə, Avropa ordusunun yaradılması NATO-nun ümumi mövqeyinə o qədər də yaxşı təsir göstərməyəcək. Çünki hazırda yeganə hərbi-siyasi güc kimi NATO tanınır. Bu çərçivədə də NATO-nun inkişafı və potensial hərbi təcavüzə qarşı möhkəm dayana bilmək imkanları daha da genişlənir.
Əlbəttə, ABŞ Prezidentinin hərbi büdcənin artırılması ilə bağlı Avropa ölkələrinə tez-tez təzyiq göstərməsinin özü də bəzən etik çərçivələri aşıb keçir. Amma Avropanın öz ordusunu yaratması da çox böyük büdcə xərclərinə səbəb ola bilər. Az öncə qeyd etdiyim kimi, Almaniya vaxtilə bu ideya ilə çıxış etmişdi. Ancaq onlar hesablayıb gördülər ki, müstəqil ordunun yaradılması və ona ayrılacaq vəsaitlər bu ordunu təşkil edəcək ölkələrin hərbi büdcələrinin 2-3 dəfə yox, daha çox artırılmasını tələb edəcək.
Bütün bunlara baxmayaraq Makron qeyd edir ki, Avropa ABŞ-dan nəyin bahasına olur-olsun asılılığını zəiflətməlidir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin vahid Avropa ordusu layihəsinə dəstəyini ifadə edib. O, bildirib ki, Avropa böyük iqtisadi və siyasi meydandır və onun ordusunun olması təbiidir.
Q.Hüseynli isə deyir ki, bu ordu yaradılarkən Rusiyanın Avropaya münasibəti də nəzərə alınır:
“Vahid Avropa ordusunun yaradılması Rusiyanın hədəflərinə və strateji maraqlarına tam cavab verir. Çünki belə olan təqdirdə NATO-nun mövcudluğu və ya maliyyə təminatı üçün ciddi problemlər yarana bilər. NATO hətta öz mövcudluğunu qoruyub saxlamaya da bilər ki, bu da Rusiyanın çoxdankı arzusudur. Yəqin ki, Rusiya müxtəlif yollarla avropalı liderləri bu siyasətdə ardıcıl olmağa təhrik edəcək.
Amma mən NATO-nun parçalanacağını, yeni Avropa ordusunun yaradılacağını real saymıram. ABŞ və Avropa liderləri arasında fikir ayrılıqları olsa da, onlar son nəticədə dünyada qüvvələr nisbətində kəskin disbalans yaranacağına, Rusiya və Çinin dünya miqyasında “at oynatmaları”na imkan verməzlər”.