ATƏT-in Minsk Qrupu həmsədrləri 1994-cü ildən bu günədək münaqişənin həlli istiqamətində hansısa ciddi irəliləyişə nail ola bilməyiblər. Azərbaycan rəsmiləri çıxışlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyindən danışaraq, onları fəal olmağa səsləyiblər. Fikrimcə, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsə, daha məqsədəuyğun olar.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, bu gün münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var:
“BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diqtə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar öz fikirlərini xeyli dərəcədə konkret ifadə edirlər. Fransada isə əksinə, qondarma rejimə açıq-aydın meyl var. Bu günlərdə Fransa tərəfi də açıqlama verdi ki, biz “Dağlıq Qarabağ Respublikası” adlı qurum tanımırıq. Lakin hesab edirəm ki, Fransa dövlət nümayəndlərinin tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil etmələri bu dövlətin ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə kölgə salır”.
Z.Əmrəliyev daha sonra deyib:
“Düşünürəm ki, Fransa həmsədrlikdən uzaqlaşdırılıb yerinə Almaniya gətirilsə, daha məqsədəuyğun və səmərəli addım olar. Minsk Qrupu yeni formatda yola davam etməlidir ki, fəaliyyətində səmərəlilik artsın”.