“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejimin başçsı Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri Qarabağ danışıqlarına zərbə vurur”.
Bu fikri Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Qarabağ separatçısının ABŞ səfəri Vaşinqtonun Minsk qrupu çərçivəsindəki missiyasını da zərbə altında saxlayır:
“Separatçılığı təbliğ edən birinin ABŞ-a getməsinə “yaşıl işıq” yandırılması birmənalı qarşılanmamalıdır. Görünən budur ki, həmsədr dövlətlər separatizmi dəstəkləməklə danışıqlar prosesinin pozulmasında ciddi rol oynayırlar. Buna görə də, Fransa və ABŞ-ın diqqətinə çatdırılmalıdır ki, Bako Saakyan Rusiya xüsusi xidmət oraqanlarına bağlı şəxsdir və onun fəaliyyəti ABŞ və Fransanın regional maraqlarını təhdid edir.
Maraqlıdır ki, Ağ Ev digər Ukrayna və Gürcüstan kimi ölkələrdəki separatçılara sanksiyalar tətbiq etsə də, Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçıya öz ölkəsinə girməyə icazə verir”.
M.Əsədullazadə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini Minsk qrupuna həmsədr olan ölkələrə etibar etmək mümkün deyil:
“Con Boltonun Cənubi Qafqaz səfəri münaqişənin həllinə ümid yaratsa da, Bako Saakyana Vaşinqtona getməsinə icazənin verilməsi bütün ehtimalları alt-üst edir.
Belə bir siyasi situasiyada separatçı və hərbi cinayətkar olan Saakayanın ABŞ səfəri müəyyən suallar doğurur. Bu onu göstərir ki, Minsk qrupu formatı uğurlu olmayacaq. Bu çərçivədə real və subsatantiv danışıqların mümkün olacağını düşünmürəm.
Hesab edirəm ki, real situasiyanı nəzərə alaraq, Türkiyə və Almaniyanın da daxil olduğu yeni format haqda düşünməyin vaxtı çatıb”.