Hazırda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bağlı böyük bir kampaniya aparılır. Amerikada, Avropada, hətta Rusiyanın özündə belə jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Məhəmməd Bin Salmanın verdiyi deyilir. Dünyanın ən ciddi televiziya kanalları bu kampaniyada aktiv iştirak edirlər.
Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.
O bildirib ki, belə bir kampaniyanın aparılması təsadüfi deyil:
“Mən iddia etmirəm ki, jurnalistin öldürülməsi əmri ondan gəlməyib. Sadəcə olaraq, bəziləri düşünür ki, bu kampaniyanın sonunda Kral Salman məcbur olub vəliəhdini dəyişməli olacaq. Mən bu cür düşünmürəm. Hesab edirəm ki, Məhəmməd bin Salman vəliəhd şahzadə kimi qalacaq”.
Politoloq deyib ki, dünya, xüsusilə Qərb ölkələri göstərmək istəyir ki, Səudiyyə Ərəbistanının onlara çox yaxın olmasına baxmayaraq, belə situasiyalarda ortaya mövqe qoyurlar:
“Üstəlik, ilk günlər Prezident Donald Tramp jurnalist Camal Qaşıqçı cinayətinə o qədər də maraq göstərməyib. İndi ABŞ-da kampaniya aparanlar bir növ bu fəaliyyəti həm də Trampa qarşı çevirirlər. Daha çox danışanlar Demokrat Partiyasından olan siyasətçilərdir. Avropa da bu prosesdə iştirak edir, Səudiyyəyə qarşı sərt çıxışlar diqqəti çəkir. Ancaq bu addımlar Məhəmməd bin Salmanın hakimiyyətə gəlişinin qarşısını ala bilməyəcək. Son zamanlar Səudiyyə neft hasilatını azaldıb. Çox güman ki, indi müşahidə edilən kampaniya həm də buna görə təzyiq məqsədi güdür”.