Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Sülhəddin bəy, jurnalist Camal Qaşıqçının qətli ABŞ daxili siyasətində ciddi müşkülə çevrilir. Konqresmenlər Trampdan Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əlaqələri kəsməyə tələb edirlər. Prezident isə elan edir ki, şahzadənin bu qətldən xəbəri olsa belə, bu ölkə ilə əməkdaşlığı davam etdirəcək. Bu proses nə ilə yekunlaşa bilər?
- Mən əvvəldən qeyd etmişdim ki, Camal Qaşıqçının ölümündən sonra bu hadisəyə dair Türkiyənin tutacağı mövqe mühüm rol oynayacaq. Gördüyünüz kimi, bu rol davam edir, Ərdoğanın qətiyyətli mövqeyi dünyanı və Amerikada Tramp administrasiyasını mövqeyini dəyişməyə zorlayır. Deyə bilərsiniz ki, Trampın son açıqlaması onun mövqeyinin dəyişmədiyini göstərir. Ancaq diqqət etsəniz, görərsiniz ki, hətta Trampın mövqeyində irəliləyiş var. Bunun da iki səbəbi var. Birincisi, Konqresin Nümayəndələr Palatasında hakimiyyətin demokratların nəzarətinə keçməsi və onların bu işin üzərinə sərt şəkildə gedəcəyi gözləntisi, ikincisi, ABŞ-ın xüsusi xidmət orqanlarına türk kəşfiyyatının verdiyi təkzibedilməz faktlar və informasiyalardır. ABŞ xüsusi xidmət orqanları da Trampa izah edirlər ki, artıq bu məsələdə prinsipial mövqe tutmağın zamanı çatıb. Bu mənada Tramp nə qədər elan etsə ki, Səudiyyə ilə münasibətləri həm iqtisadi, həm də regional səbəblərdən davam etdirəcəyik, sonda vəliəhd şahzadə Məhəmməd bin Salmanla bağlı mövqeyini dəyişməyə məcbur olacaq.
- Ancaq Prezident Tramp elan etdi ki, Məhəmməd bin Salmanın bu qətldən xəbəri ola bilər, lakin buna baxmayaraq, əməkdaşlıq davam edəcək...
- “Şahzadənin xəbəri ola bilər “o deməkdir ki, Trampa Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi hesabatda bununla bağlı təkzibolunmaz faktlar var. Əks təqdirdə Tramp belə bir ifadə işlətməzdi. Deməli, Trampa Qaşıqçının qətlində Məhəmməd bin Salmanın əlinin olduğunda dair faktlar verilib və o da, bununla barışmaq zorunda qalıb. Sadəcə olaraq, Tramp və komandası baxımından burada həlledici məqam var. Onlar Yaxın Şərqlə bağlı strategiyanı böyük ölçüdə Məhəmməd bin Salman üzərində qurublar. İstər İsrailin paytaxtının Qüds elan edilməsi, istər Fələstinə başqa bir şəhərdə paytaxt verilməsi ilə Fələstin dövlətinin yaradılması, istər İrana qarşı “Ərəb NATO”sunun qurulması, Suriyada PKK və PYD-nin dəstəklənməsi layihələrində Səudiyyə Ərəbistanı, xüsusilə vəliəhd şahzadə mühüm rol oynayır. Odur ki, Tramp administrasiyası bu fiqurla bağlı güzəştə getmək istəmir. Əks halda bu strategiya çökə bilər. Fikrimcə, onlar Məhəmməd bin Salmanın rolunu oynayacaq yeni namizəd tapana qədər bu siyasətlərini davam etdirməyə məcbur olacaqlar. Lakin sonunda ortaya qoyulan faktlar Tramp hökumətini Məhəmməd bin Salmandan imtina etməyə zorlayacaq. Artıq bunun əlamətləri görünür. Əks halda Trampın özü çətin duruma düşə bilər. Mənə elə gəlir ki, Tramp yaxın günlər də həm Kral Salmanla, həm də Məhəmməd bin Salmanla danışıqlar aparacaq.
- Səudiyyə Ərəbistanı xaric işlər nazirinin “Kral və vəliəhd şahzadə bizim üçün qırmızı xəttdir” bəyanatı ABŞ-a mesajdır?
- Krallıq üçün Kralın nə demək olduğu bəllidir. Krallıqla bağlı siyasətin seçilməsi eyni zamanda Krala yönəlik siyasət deməkdir. Mən düşünürəm ki, Tramp və komandası yaranan vəziyyəti Səudiyyə kralı ilə birgə müzakirə edəcək. Burada çıxış yolu Kral Salmanın özünə yeni vəliəhd müəyyən etməsidir. Alternativ çıxış yolu kimi kralın kiçik qardaşının varis elan edilməsidir.
- Bir neçə gün əvvəl ABŞ-da Milli Təhlükəsizlik Şurasının Körfəz və İran idarəsinin rəhbəri istefa verdi. Bu istefanın ABŞ-Səudiyyə əlaqələri ilə bağlılığı varmı?
- Həmin şəxsin özü açıqlama verməyib. Ancaq mətbuata sızan informasiyaya görə, o, Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanına qarşı sərt sanksiyaların tətbiq edilməsinin tərəfdarı olub. Yəni onunla Tramp komandası arasında ziddiyyət yarandığından istefa verib. Yəqin ki, yaxın gələcəkdə həmin şəxs detallı açıqlama verəcək.
- Qərb analitikləri hesab edir ki, Camal Qaşıqçının belə vəhşiliklə öldürülməsi faktı ABŞ-ın İran siyasətini aktivləşdirməsini çətinləşdirəcək. Çünki diktatorlara nifrətin atdığı bir məqamda ABŞ-ın ərəb ölkələri ilə birlikdə hərəkət etməsi daxildə birmənalı qarşılanmayacaq...
- İstər-istəməz təsir edəcək. Söhbət beynəlxalq ictimai rəydən gedirsə, bu təsirin olacağı şübhəsizdir. Həm Səudiyyə Ərəbistanı Krallığına, həm də bu cür sistemlərin olduğu ölkələrə basqılar artacaq. Amma Tramp komandası çalışacaq ki, bu artan basqını İranın üzərinə proyeksiya etsin.
- Pakistanda formalaşan yeni hökumətin, bu ölkənin əbədi müttəfiqi olan ABŞ-a qarşı kəskin mövqe sərgiləməsi tendensiyası müşahidə olunur. Siz, bunu daha çox nə ilə əlaqələndirirsiniz?
- Əslində bu problemin dərin kökləri var. Bunun dərinliyi Pakistan kəşfiyyatının “Taliban”ı yaratmasına qədər gedib çıxır. “Taliban”ın yaradılması və onun istifadəsi dövründə ABŞ-la Pakistan müəyyən qədər birlikdə hərəkət edib. Amma sonrakı mərhələdə, xüsusilə 2001-ci ilin 11 sentyabrından sonra ABŞ-ın “Taliban” və Əfqanıstanla bağlı siyasəti sərtləşdi. Bu zaman ABŞ-ın xüsusi xidmət orqanları “Taliban”dan vaz keçmədi. Məsələn, “Taliban” 2001-ci ildə Əfqanıstanda hakimiyyətdə idi. “Taliban” hakimiyyəti devrildi, “Taliban”a qarşı əməliyyat başlandı. Ancaq Pakistan kəşfiyyatı da “Taliban”a örtülü dəstəyini davam etdirdi. Bu Pakistan-Amerika münasibətlərində birinci qırılma xətti oldu.
İkinci böyük qırılma ABŞ-ın Ben Ladenin öldürülməsinə dair məxfi əməliyyatı oldu. Bu gizli əməliyyat zamanı Pakistan və onun xüsusi xidmət orqanlarına öncədən informasiya verilmədi. Bundan sonra İslamabad-Vaşinqton münasibətləri normallaşmadı. Hətta Pakistanda son hökumət dəyişikliyi və İmran Xanın hakimiyyətə gəlişindən sonra da münasibətlər normallaşmaqdan çox uzaqdır. Əksinə, uçurum getdikcə dərinləşir. Bunun da başlıca səbəbi Pakistan xüsusi xidmət orqanlarının bir neçə il bundan əvvəldən Əfqanıstanda Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlamasıdır. Bu əməkdaşlıq nəticəsində Rusiya da “Taliban”a dəstək verir. Rusiyanın əsas məqsədi odur ki, MDB-nin cənub sərhədlərində İŞİD və “Əl-Qaida” hakimiyyət qurmaqdansa, “Taliban” hakimiyyəti qurulsun. Bu baxımdan “Taliban” dəstəklənir. Məhz bu amil İslamabad və Moskvanı yaxınlaşdırdı. Digər tərəfdən, bu yaxınlaşma Əfqanıstanda Amerikanın işini çətinləşdirib. Bu da Pakistan-Amerika münasibətlərində üçüncü sınma nöqtəsi oldu. Sonunda Rusiyada konfrans keçirildi və orada “Taliban” liderləri Rusiya xarici işlər naziri Lavrovla birlikdə foto çəkdirdi. Bu da ABŞ-a qarşı siyasi-diplomatik meydan oxuma idi.
- Pakistanın İran məsələsində ABŞ-dan fərqli mövqe nümayiş etdirməsinə səbəb nədir?
- Məncə, belə fikirlər irəli sürmək hələ tezdir. Qlobal və regional proseslərdə, ciddi məsələlərdə yalnız bəyanatlara diqqət yetirmək yetərsizdir. Bəyanatları nəzərə almaq lazımdır, amma vacib olan həm də əməllərdir. Əməllərdən əhəmiyyətlisi isə gizli əməllərdir. Odur ki, bəyanatlarla paralel olaraq aşkar və gizli əməllərə də diqqət etmək lazımdır. Yalnız bu zaman Pakistanın İran məsələsində hansı mövqedə durduğunu söyləmək olar. İkincisi də, İran məsələsinə ümumi yanaşılanda aydın olur ki, hələlik proses ilkin fazadadır. Hesab edirəm ki, açıqlanan münasibətlər, verilən bəyanatlar sonradan hadisələrin gedişatına uyğun olaraq dəyişəcək.