22 Noyabr 2018 14:43
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına iddia edən Razi Nurullayev bir müddət əvvəl ictimai asayişi pozmaqda və icazəsiz yürüş təşkil etməkdə ittiham olunaraq saxlanılan Əli Kərimlinin mətbuatda AXCP sədri kimi təqdim edilməsinə barədə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda Əli Kərimlinin saxlanıldıqdan sonra AXCP sədri kimi təqdim edilməsinə etiraz edilib.

Bəyanatda deyilir:

“2018-ci il 17 noyabr tarixində Əli Kərimli və bir sıra şəxslər Parlament prospektinə toplaşmaqla Şəhidlər xiyabanı istiqamətində yürüş ediblər.

Bakı şəhəri Baş Polis İdarəsi ictimai asayişin pozulması və icazəsiz yürüş-mitinq əsası ilə Əli Kərimlini və 41 nəfər şəxsi saxlayaraq Səbail Rayon Polis Şöbəsinə gətirib və barələrində faktla bağlı Səbail rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub.

Bundan sonra bir sıra mətbuat orqanları, eləcə də televiziya kanalları bu məsələyə geniş yer ayırıb, Əli Kərimlini də AXCP sədri kimi təqdim etdilər.

Qeyd edirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına hazırda iki iddiaçı təşkilat (partiya) var. 2015-ci ilin 18 oktyabrında Razi Nurullayevin rəhbərliyi ilə cəbhəçilər Etimad Qurultayı keçirərək partiyanı yenidən formalaşdırıb. Həmin il azlıqda qalan Əli Kərimli tərəfdarları da qurultay keçirib. Hər iki tərəf qurultayda qəbul olunmuş sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edib. Amma Ədliyyə Nazirliyi bir partiya adına iki iddiaçı olduğu üçün hər iki tərəfi də rəsmi olaraq qeydiyyata almaqdan imtina edib. Yəni, hüquqi baxımdan bu gün nə Razi Nurullayevin rəhbər olduğu, nə də Əli Kərimlinin rəhbər olduğu təşkilat (partiya) Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq AXCP kimi qeydiyyata alınmayıb, nə Razi Nurullayev, nə də Əli Kərimli AXCP sədri kimi tanınmır”.

Bəyanatda xüsusi olaraq vurğulanır ki, AXCP-nin partiya kimi qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rədd edildiyindən Razi Nurullayevin rəhbəri olduğu AXCP aidiyyəti üzrə müvafiq qaydada Məhkəməyə müraciət edib və iş icraata qəbul olunub. Hazırda iş mahiyyəti üzrə baxılmayıb, saxlanılıb.

Partiya tərəfindən Əli Kərimlinin AXCP sədri kimi təqdim edilməsinin yolverilməz olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər