22 Noyabr 2018 21:56
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyev noyabrın 21-22-də Türkmənistanda etdiyi rəsmi səfər çox önəmli bir səfərdir”.

Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Azərbaycan və Türkmənistan qardaş dövlətlərdir:

“Bizi ortaq tarix, ortaq dil və mədəniyyət birləşdirir. Bununla yanaşı, son dövrlərdə, xüsusilə Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində həm türkdilli ölkələr arasında, o cümlədən Azərbaycanla Türkmənistan arasında əlaqələr kifayət qədər genişlənib. Bu, sevindirici haldır. Çünki münasibətlərin inkişafı üçün çox önəmli platforma mövcuddur”.

E.Mirzəbəyli qeyd edib ki, cənab prezidentin səfəri çox önəmli məqamlarla yadda qaldı:
“Əvvəla, verilən bəyanatlar mühüm qiymətləndirilməlidir. Çünki hər iki dövlət regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün mühüm addımlar atırlar. Bu istiqamətdə də Azərbaycan-Türkmənistan əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.

Digər amil isə imzalanan sənədlərlə bağlıdır. Kifayət qədər geniş spektri əhatə edir. Faktiki olaraq ölkə həyatının bütün sahələri üzrə əməkdaşlığın həyata keçirilməsi üçün sazişlər imzalanıb. Önəmli məqamlardan biri iki dövlət arasında nəqliyyat və logistika ilə bağlı xüsusi birgə komissiyanın yaradılmasıdır. Bu, çox amillərdən biridir və hər iki ölkənin ortaq strateji hədəflərindən xəbər verir. Diqqət yetirdikdə imzalanan sənədlərdə nəqliyyat faktorunun ön planda olduğunu görmək mümkündür. Bu da şübhəsiz ki, Azərbaycanın geosiyasi mövqeyindən və ölkəmizdə həyata keçirilən nəqliyyat dəhlizi layihələrindən irəli gələn amillərdir. Türkmənistan Azərbaycanla birgə layihələr həyata keçirməkdə maraqlıdır”.

Politoloq hesab edir ki, bu səfər və əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına öz töhfəsini verəcək, eyni zamanda bütövlükdə Azərbaycanla Mərkəzi Asiyanın digər türk dövlətləri arasında münasibətlərə də kifayət qədər ciddi təsir göstərəcək:

“Azərbaycanın digər türkdilli respublikalarla münasibətləri onsuz da yüksək səviyyədədir. Lakin bu bölgədə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin Türkiyənin oynadığı mühüm rol əslində onların daha da yaxınlaşmasını zəruri edir. Cənab prezidentin də Türkmənistana səfəri bu yaxınlaşmanı təmin edə biləcək, bu zənciri daha da möhkəmləndirəcək addımlardan biridir”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 21-22-də Türkmənistanda rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçıları birgə bəyanatla çıxış edib, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər