Azərbaycan-Türkmənistan münasibətlərinin çox böyük potensialı var.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Türkmənistanda Prezident Qurbanqulu Berdiməhəmmədovla mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Hörmətli cənab Prezident. Hörmətli dostlar. Mən Türkmənistan Prezidentinə, mənim əziz dostuma dəvətə, çox səmimi qəbula, qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən dünəndən qardaş Türkmənistan torpağındayam. Türkmənistanın sosial-iqtisadi inkişafındakı nailiyyətlərlə tanış olmaq imkanına malik oldum. Biz sizin uğurlarınıza da öz nailiyyətlərimiz kimi sevinirik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından qardaş türkmən xalqına salamlarımı çatdırmaq istəyirəm. Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir.
Səfər sona yaxınlaşır. Artıq bu gün demək olar ki, bu səfər bizim ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq. Bu münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.
Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir".
Dövlət başçısı bildirib ki, Türkmənistan Prezidenti artıq gündəlikdə olan əsas məsələlər barədə danışdı:
"Öz tərəfimdən qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üzərində fəal işləyəcəyik. Biz ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyaya müvafiq tapşırıqlar vermişik ki, onlar Azərbaycandan Türkmənistana və Türkmənistandan Azərbaycana ixracı artırmaq üzrə işi fəallaşdırsınlar. Malların konkret siyahısı var və qurumların müvafiq rəhbərləri bu məsələləri müzakirə edirlər. Fikrimcə, əgər biz konkret istiqamətlərə diqqəti yönəltsək, qısa müddət ərzində əmtəə dövriyyəmizi daha da artıra bilərik.
Türkmənistan Prezidenti hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun dediyi kimi, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə böyük yer ayrılıb. Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir".
Prezident İlham Əliyev müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır:
"Rəqəmləri göstərmək istəmirəm, amma əminəm ki, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.
Ötən il o vaxta qədər mövcud olmayan və dünya bazarlarına çıxış əldə etmək üçün son əlaqələndirici bənd olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək.
Biz bu gün ikitərəfli münasibətlərin ən mühüm konkret məsələlərini, regional əməkdaşlıq üçün yeni şərait yaradan məsələləri həll etdik. Buna görə də hesab edirəm ki, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq.
Fürsətdən istifadə edərək, qardaş Türkmənistan xalqına sülh, tərəqqi və prezident Qurbanqulu Məlikquliyeviçin rəhbərliyi ilə daha böyük inkişaf diləyir, ona yeni uğurlar, rifah, cansağlığı arzulayıram. Diqqətinizə görə sağ olun".