Prezident İlham Əliyev bu həftə iki ölkədə oldu. Azərbaycanın dövlət başçısı əvvəl noyabrın 19-da Belarusa getdi və bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşdü. Minskdə Azərbaycanla Belarus arasında 10 sənəd imzalandı.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
İlham Əliyevin Belarus səfərinin xüsusi əhəmiyyət daşıdığını bildirən ekspert qeyd edib ki, səfərdən bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Belarus prezidentini sərt tənqid etmişdi:
“Tənqidin səbəbi bu idi ki, Lukaşenko Minskdə Azərbaycanın Belarusdakı səfiri ilə görüşdə Ermənistanın KTMT-dəki mövqeyini tənqid eləmişdi. Bundan bir gün sonra İlham Əliyev Bakıda Belarus səfirini qəbul etdi. İlham Əliyev səfirə Ermənistanın Belarus-Azərbaycan münasibətlərinə qarışmaması vacibliyini bildirmişdi. Belarus da Ermənistana sərt cavab verdi. Belarusun bu mövqeyi Azərbaycanda müsbət qarşılanır.
Ümumiyyətlə Azərbaycan cəmiyyətində Belarusa simpatiya var. Bunu İlham Əliyev Aleksandr Lukaçenko ilə görüşdə bir daha xatırlatdı. İlham Əliyevin Belarusa 5-ci, Aleksandr Luakeşenkonun Azərbaycana 4 səfəri də iki ölkə arasındakı sıx əlaqələrdən xəbər verir. Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Belarusun Cənubi Qafqazdakı əsas siyasi, iqtisadi və hərbi tərəfdaşı məhz Azərbaycandır. Bu fakt Ermənistan hakimiyyətini narahat edir. Təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb. Bundan başqa Minskdə Azərbaycanın Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalandı”.
Elxan Şahinoğlu qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi-texniki sahədir: “Rəsmi Bakı bu əməkdaşlıqdan razıdır. İlham Əliyev Minskdə söylədi ki, Azərbaycan Belarusun hərbi texnikasından razıdır. Belarusun hərbi məhsullarının keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Bu o deməkdir ki, Azərbaycan Belarusdan daha çox hərbi texnika alacaq”.
İlham Əliyevin Belarusdan sonra Türkmənistana getdiyinə diqqət çəkən politoloqa görə, bu səfər də Azərbaycan üçün əhəmiyyətli idi:
“İlham Əliyev Aşqabadda bu ölkənin prezidenti Qurbanqulu Berdımuhammedovla 21 saziş imzaladı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir. Prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərin in toxunulmazlığına və münaqişnin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu bəndin birgə bəyanata salınmasına Azərbaycan tərəfi israr edib və Aşqabad etiraz etməyib”.
Elxan Şahinoğlu bildirib ki, Türkmənistanla Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək: “Türkmənistan öz yüklərini Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çatdırmaq istəyir. Bunun üçün lazımi infrasturktur var. Azərbaycanın və Türkmənistanın Xəzərdə müasir dəniz limanları mövcuddur.
Türkmənistan öz mallarını Azərbaycanın Ələt limanına və oradan da Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropa ölkələrinə çatdıra bilər. Hər iki dövlət yük daşımaçılığının artırılması üçün hətta vegi rüsumlarını azaltmağa da hazırdılar”.