25 Noyabr 2018 11:56
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində 9 siyasi partiya və 2 seçki bloku iştirak edəcək. Məlumata görə, 105 yerlik parlamentə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” bloku 183, Rusiyanın adamı kimi tanınan Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 175, “Biz” bloku 144, “Daşnaksütyun” Partiyası 152, sabiq baş nazir Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası isə 125 nəfərin namizədliyini irəli sürüb. Bəs bu mübarizə onlardan hansının üstünlüyü ilə yekunlaşacaq?

Bu barədə Teleqraf.com-un suallarını cavablandıran siaysi şərhçi Ehtiram Aşırlı bildirib ki, “Çiçəklənən Ermənistan” Partiyası 2007-ci ildən bəri Ermənistan parlamentində hakim Respublikaçılar Partiyasından sonra ən çox səsə malik olan siyasi təşkilat olub:
“Hazırda heç bir maliyyə problemi yaşamayan və son aylarda yaşanan Paşinyan-Sərkisyan qarşıdurmasından kənarda dayanan Tsarukyanın komandasının bu seçkilərdə ikinciliyi saxlamaq şansı var. Amma “Daşnaksütyun” Partiyasının bu seçkilərdə fərqlənəcəyi bir qədər şübhə doğurur. Belə ki, həmin partiyanın havadarı Ermənistanın keçmiş iqtidarı hesab olunurdu. Məhz bu himayənin hesabına “Daşnaksütyun” seçkilərdə müəyyən uğur əldə edə bilirdi. Odur ki, indi himayədən məhrum olan “Daşnaksütyun”un əvvəlki nəticələri təkrar edəcəyi inandırıcı görünmür.
Ermənistan parlamentində baş vermiş terror aktı zamanı öldürülən Vazgen Sərkisyanın qardaşı Aram Sərkisyanın təmsil olunduğu “Biz” blokunun isə geniş sosial bazaya malik olmaması onun işini çətinə salır. Seçkilərdə iştirakını təsdiqlədən digər partiyaların isə demək olar ki, heç bir şansları yoxdur”.
E.Aşırlı əsas rəqabətin “Mənim addımım” bloku ilə “Çiçəklənən Ermənistan” Partiyası arasında gedəcəyi qənaətindədir:
“Lakin bu rəqabətdə Respublikaçılar Partiyası da yer almağa çalışacaq. Qeyd edim ki, sabiq baş nazir Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında namizədlərin siyahısına Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan rəhbərlik edir. Hazırda Respublikaçıların təfdarları Nikol Paşinyanın daxili və xarici siyasətdə uğursuzluğundan, xüsusilə onun Ermənistanın KTMT-nın Astana zirvəsində üzləşdiyi məğlubiyyətdən yararlanaraq diqqət mərkəzinə düşməyə, rəqiblərini zəiflətməyə çalışırlar.
Qeyd etmək yerinə düşər ki, keçmiş baş nazir Sərkisyan Respublika Partiyasının son iclasında sərt fikirlər səsləndirərək, belə davam edəcəyi təqdirdə, daşı-daş üstündə qoymayacağına dair bəyanat verib”.
Analitik daha sonra deyib:
“Mətbuatın yazdığına görə, Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokunun siyahısında Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında fəal iştirak edənlər, daha doğrusu, “meydan qəhrəmanları” çoxluq təşkil edirlər. Bununla da onlar kütləni ələ almaqda ən məqbul variant seçdiklərini düşünürlər.
Digər tərəfdən, politoloqlar İrəvan merliyi uğrunda keçirilən son seçkilərə istinadən bu qənaətə gəliblər ki, xalq bu kimi variantlardan istifadə edən Paşinyana yalnız meydan və küçələrdə deyil, həm də seçki qutularında dəstək nümayiş etdirir. Bu isə o deməkdir ki, Paşinyanın rəhbərlik etdiyi blok bu mübarizədən qalib çıxma ehtimalı yüksəkdir”.
E.Aşırlının fikrincə, digər tərəfdən silahlı qruplaşma olaraq tanınan “Sasna Tsrer”in partiya olaraq bu seçkilərdə təmsil olunması da Ermənistan partiya sisteminin çöküşdə olduğunu göstərir:
“Hazırkı vəziyyətdə “Sasna Tsrer”in parlamentdə təmsil olunma şansları az da olsa mövcuddur. Fikrimcə, “Sasna Tsrer”in radikal millətçi mövqeyindən çıxış etməsi partiya olaraq ona müəyyən səs faizi qazandıracaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər